Xəbər lenti

Tarixi dəyişdirən kəşf: İnsanlığın
Dünya 23:13 26.12.2025

Tarixi dəyişdirən kəşf: İnsanlığın "itmiş halqası" Lusi taxtından enir?

İnsanlığın mənşəyi haqqında danışılan hekayələrdə 3,2 milyon yaşlı Lusi (Lucy) fosili onilliklərdir sarsılmaz bir taxtın sahibi idi. 

Qaynarinfo xəbər verir ki, Australopithecus afarensis növünə aid olan bu məşhur fosil, primatlarla insan soyunun arasındakı məşhur "itmiş halqa” olaraq qəbul edilirdi.

Lakin Efiopiyanın Afar bölgəsindən gələn yeni tapıntılar, bu sadə və düz xətti hekayəni kökündən sarsıdır. Voranso-Mille bölgəsində aparılan qazıntılar göstərir ki, insanlıq tarixi tək bir axın kimi irəliləyən bir proses deyil, bir-birinə qarışan çoxsaylı budaqlardan ibarət mürəkkəb bir şəbəkədir.

Alimlər arasındakı bu böyük dəyişiklik, Australopithecus deyiremeda adlanan fərqli bir növün qalıqları üzərində aparılan analizlərlə başlayıb. Tədqiqatçılar yeni tapılan çənə və diş fosillərini, illər öncə kəşf edilən, lakin hansı növə aid olduğu müəyyən edilməyən 3,4 milyon yaşlı qeyri-adi ayaq skeleti ilə — yəni "Burtele ayağı” ilə uyğunlaşdırmağı bacarıblar. Bu isə Lusi ilə eyni dövrdə, onun qonşuluğunda başqa bir insan əcdadının da mövcud olduğunu təsdiqləyir. Artıq bilirik ki, Lusi həmin dövrdə Şərqi Afrika düzlüyündə tək deyil.

Ağaca dırmaşan qohum və fərqli həyat tərzləri

Anatomik araşdırmalar göstərir ki, bu yeni növ Lusi ilə müqayisədə daha "primitiv” xüsusiyyətlərə malikdir. Xüsusilə Burtele ayağının quruluşu bu canlıların ayaq barmaqları ilə əşyaları tutma qabiliyyətinin çox güclü olduğunu göstərir. Bu isə onların hələ də ağaclara dırmaşmağı vacib həyat tərzi olaraq saxladıqlarını göstərir.

Diş üzərində aparılan kimyəvi analizlər də iki növ arasında fərqləri daha da aydınlaşdırır: Lusinin növü daha geniş spektrdə qidalanıb, deyiremeda növü isə daha çox meyvə və yarpaq kimi meşə məhsullarını üstün tutub. Yəni bu iki qohum növ eyni bölgədə yaşasa da, fərqli ekoloji nişləri dolduraraq bir-biriləri ilə rəqabət etmədən sağ qalıb.

Bu yeni mənzərənin ən diqqətçəkən nəticəsi, Lusinin insan soyunun "tək əsas gövdəsi” olduğu köhnə inancı zəiflətməsidir. Analizlər göstərir ki, bu yeni növ Lusidən daha çox, 4 milyon il əvvəl yaşamış daha qədim bir növ olan Australopithecus anamensis ilə yaxın əlaqələrə malik ola bilər. Əgər bu doğru olarsa, insan evrimi düz bir xətt kimi deyil, bir neçə fərqli növün eyni zamanda müxtəlif qidalanma və hərəkət üsullarını sınadığı mürəkkəb "evolyusiya kolu” kimidir.

Alimlər arasında Lusinin mövqeyi barədə müzakirələr hələ də davam etsə də, artıq aydın olan bir həqiqət var: İnsanlığa aparan yol, əvvəllər düşündüyümüzdən çox daha dolaşıq və sıx bir yoldan keçir.

Aydın
--> -->