Hüseynbala Səlimov
Dünya 10:39 05.09.2022

Tarixi yaddaşını kim unudub?..

"Ötən həftənin sonunda Rusiya Mixail Qorbaçovla vidalaşdı” demək mümkün olmadı, çünki bunun üçün daha təntənəli vida mərasi olmalı, prezident Vladimir Putin mərasimə təşrif buyurmalı idi. Amma bunların heç biri olmadı, Qorbaçov tamam urvatsız olmasa da, hər halda, prezidentlərə layiq şəkildə torpağa tapşırılmadı. Onun həmkarı Boris Yeltsin daha böyük təntənə ilə dəfn edilmişdi, hərçənd ki, təkcə tarixçilər cameəsi yox, elə adi insanlar da hələ mübahisə edirlər ki, görən, SSRİ-ni kim ləğv etdi? Bizim anladığımız budur ki, qərarı Yeltsin verdi, amma prosesi, bunu istəməsə də, Qorbaçov başlamışdı...

Mixail Qorbaçovun ölümü həm də elə bir vaxta təsadüf etdi ki, onun təntənə ilə yola salınması alaşılmazlıq olardı, çünki Vladimir Putin SSRİ-ni bərpa etmək üçün Ukraynada savaş aparır və SSRİ-nin çökməsi zamanı axıdılmayan qan indi Ukraynada axıdılır. 

Bizi təəccübləndirən budur ki, yazarlar məsələnin bu aspekti haqda yazmır və ya da çox az yazırlar. Halbuki əsl həyəcan siqnalı çalmaq vaxtıdır, çünki dəfələrlə yazmışıq ki, ruslar əgər bu savaşda qalib gəlsələr, daha dayanmayacaqlar. Odur ki, BMT-də, nə bilim, ATƏT-də və Avropa Şurasında, NATO-da və Avropa İttifaqında həyəcan təbili çalmağın əsl vaxtıdır. 

Amma biz bunu görmürük. ABŞ və Avropa ölkələri Ukraynaya hərbi yardım edir, post-sovet ölkələri isə mürgüləyirlər. Ona görə də ruslar deyəndə ki, ukraynalılar tarixi yaddaşlarını itiriblər, qismən haqlı görünürlər. Onlar yalnız onda səhv edirlər ki, bunu Ukrayna və ukraynalılar haqqında deyir, digər postsovet ölkələrini unudurlar. Bəs tarix nə deyir? O, ərz edir ki, rus-çar imperiyası çökəndən sonra onu təzəcə özünə gələn bolşevik-kommunist imperiyası əvəz etdi. İndi biz imperiyanın özünü bərpa etmək üçün apardığı yeni cəhdləri müşahidə edirik.

Ruslar bu qovğada özlərini haqlı bilirlər, nəinki Krımı və Şərqi Ukraynanı öz torpaqları bilir, hətta bütün postsovet məkanını özlərinin əraziləri hesab edirlər. Burada bir detalı qeyd etmək istərdiuk. Bir vaxtlar Çexoslovakiya tamam qansız, dinc yolla iki dövlətə bölündü. Əvvəl bütöv dövlətin prezidenti olan Vatslav Havel daha sonra onun bir hissəsinin prezidenti oldu. Eynilə demək olar ki, müstəqil Polşa və birləşmiş Almaniya özlərinin əvvəlki ərazilərinə iddia etmədilər. Burada onu qeyd edək ki, Ukraynanın ərazisinin bir hissəsi, onun Qərb bölgəsi vaxtilə Polşa ərazisi olub. Belarusun da bir hissəsi Polşanın olub. Eyni sözləri birləşmiş Almaniya haqqında da demək mümkündür – o da öhdəlik götürmüşdü ki, ətraf dövlətlərə qarşı ərazi iddiaları irəli sürməyəcək və bu günə qədər də buna əməl edir. Yalnız Yuqoslaviyanın bölünməsi qanlı bir şəkildə baş verdi və burada 20-ci əsrin ən böyük hərbi cinayətləri baş verdi. SSRİ-nin süqutu ərəfəsində Bakı, Tbilisi və Vilnüs hadisələri baş versə də, böyük miqyaslarda qanlar tökülmədi. İndi belə görünür ki, Kreml bunun əvəzini çıxmağa çalışır. Bilirsiniz, tarix boyu çox şeylər olub və onların hamısını durub bərpa etməyə çalışmaq, yumşaq şəkildə desək, səfehlik olardı...
 
Hüseynbala Səlimov