XIX əsrdə Böyük Britaniyanın sabiq xarici işlər naziri Lord Palmerston zarafatla demişdi ki, 1864-cü il Danimarka-Almaniya müharibəsinin səbəbini yalnız üç nəfər anlayırdı: biri artıq ölüb, biri dəli olub, üçüncüsü isə unudub.
Qaynarinfo-nun mılumatına görə, geosiyasi strateq və politoloq Mark Brolin "The Telegraph” üçün yazdığı
məqalədə bildirib ki, əgər o müharibə strateji mənasızlığın zirvəsi idisə, Rusiya ilə Ukrayna arasındakı müharibə bu planı daha da yüksəldib. Onun fikrincə, bu müharibədə əsas tərəflərin davranışına diqqət yetirmək lazımdır.
Rusiya
Moskva Ukraynanı ələ keçirərək gücünü və strateji ustalığını nümayiş etdirməyi planlaşdırırdı. Amma Kreml ətrafındakı çevrə reallıqdan o qədər uzaq düşdü ki, Rusiyanın təsir dairəsi həm Yaxın Şərqdə, həm Mərkəzi Asiyada, həm də Avropada daraldı.
Finlandiya və İsveç NATO-ya daxil oldular, Rusiya isə getdikcə Çinin vassalına çevrilir. Qərb neft bazarlarını itirən Moskva yalnız böyük insan və iqtisadi itkilər hesabına Ukrayna ərazisinin bir hissəsini nəzarətə götürə bildi — özü də dünyanın hələ də anlamadığı sual altında: dünyanın ən böyük ölkəsinə bu qədər kiçik torpaq sahəsi nəyə lazımdır?
Ukrayna
Ukraynanın işğala qarşı müqaviməti şübhə doğurmur, lakin ABŞ-ı münaqişədə saxlamaq cəhdləri qəribə görünür. Kiyev tez-tez bildirir: "Bizə indi kömək edin, yoxsa dünya Üçüncü Dünya müharibəsinə sürüklənəcək”.
Lakin müasir Rusiya nüvə silahı istisna olmaqla ABŞ-la müqayisədə "cücədir”. Üstəlik, Putin belə bu silahı istifadə etməyə risk etməyəcək. Analitikə görə, Ukrayna Rusiyanın gücünü şişirdərək Amerika cəmiyyətinin gözündə öz mövqelərini zəiflədib.
Avropa
İllərlə davam edən silahsızlanma, düşməndən enerji asılılığı, Polşa və Ukraynanın xəbərdarlıqlarına məhəl qoymamaq... Avropalılar prinsiplərdən danışırdılar, amma eyni zamanda Rusiya neftini alaraq, pislədikləri müharibəni maliyyələşdirirdilər.
İndi də, müharibə və iqtisadi durğunluq fonunda, onlar hələ də özlərini "sülh və rifah reseptinə” sahib hesab edirlər.
ABŞ
ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsü elə başdan Moskvanın şərtlərini dolayısı ilə dəstəkləməklə başladı — Kiyev danışıqlara qədər ərazilərdən imtina etməli və NATO-dan uzaq durmalı idi.
Sonra isə "Tomahawk” raketləri epizodu gəldi: Tramp Ukraynaya uzaqmənzilli raketlər göndərəcəyini vəd etdi, lakin Kreml danışıqlara meyl göstərəndə birdən-birə bu fikrindən daşındı.
"Bütün bunlar münaqişəni o qədər məntiqsiz edir ki, hər hansı rasional düşüncəli insan dəli ola bilər”, — yazır Brolin.
Amma ağıl qüvvələri qələbə qazanmağa başlayır
Analitik qeyd edir ki, Avropa və ABŞ ilk dəfə addım-addım koordinasiyalı şəkildə hərəkət edir.
* Avropa silahlanır,
* rus enerjisindən asılılıq azalır,
* dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yönəldilməsi müzakirə olunur,
* ABŞ sanksiyaları Rusiya neft sektoruna təzyiqi artırır.
Çin və Hindistan şirkətləri ikinci dərəcəli sanksiyalardan ehtiyat edir. Ukrayna isə texnoloji, kəşfiyyat və logistik dəstəyi almağa davam edir. Ən vacibi isə: "böyük Rusiya dövləti” mifi çökür.
Rusiyada vəziyyətin əsas göstəriciləri
* İqtisadiyyat qızışıb: illik inflyasiya 8%, Mərkəzi Bankın faizi – 17%. Bu, güc yox, hərbi iqtisadi "qızdırma” əlamətidir.
* Müdafiə xərcləri iqtisadiyyatı boğur: 2025-ci ildə hərbi büdcə ümumi büdcənin üçdə biri, ÜDM-in 6%-idir.
* Kütləvi itkilər: 200 mindən çox ölü, ümumi itkilər 1,1 milyondan çox.
* ÜDM artımı illüziyadır: hökumət sifarişləri və qiymət artımı hesabına "saxta artım”.
* Kadr çatışmazlığı: işçi qüvvəsi azalıb, 2022-dən sonra 1 milyon insan ölkəni tərk edib.
* "Beyin axını”: savadlı təbəqə və kapital ölkədən qaçır.
* Çindən asılılıq: ticarətin 35–40%-i Pekinlədir; Çin şərtləri diktə edir.
* Texnoloji təcrid: Qərb hissələri olmadan 2026-cı ilə qədər təyyarələrin yarısından çoxu uçuşa yararsız qalacaq.
* Ukraynanın zərbələri: pilotsuzlar və uzaqmənzilli raketlər mütəmadi olaraq Rusiya aerodromlarına, neft zavodlarına və anbarlara zərbə endirir. Qara dəniz donanması faktiki məhv olub.
Bütün bunlar "sülh üçün ərazi mübadiləsi” ideyasını tam təkzib edir. Əksinə, müəllif hesab edir ki, təzyiqi artırmaq lazımdır — neft qiymət tavanına ciddi əməl etmək, ikiqat təyinatlı avadanlıqların tədarükünü dayandırmaq və Ukraynaya daha dərin zərbələr endirməyə icazə vermək.
Ən böyük təhlükə isə odur ki, Rusiyanın vəziyyəti o qədər acınacaqlıdır, Putin sadəcə hakimiyyətdə qalmaq üçün müharibəni uzatmaqda maraqlıdır. Daxili problemlər — inflyasiya, kasıblıq, iqtisadi tənəzzül — gündəmə qayıdanda, onun üçün heç bir "müharibə pərdəsi” qalmayacaq.
Alpər
Şərhlər