"Tramp xaraktercə hegemonluğu sevir, qarşı tərəf üzərində istəyinə çatmaq üçün hər yolu sınaqdan çıxarır, amma bunu daimi düşmənçiliyə çevirmir. Nəticəyə nail olandan sonra yenidən əvvəlki adam olur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov dəyişkən xarakterə malik ABŞ prezidenti Donald Trampdan Rusiyaya qarşı sanksiyalar məsələsində daha sərt addımlar atmasını gözləməyinə dəyərmi sualına cavabında deyib.
"Rahib Branson məsələsində Tramp onu həbsdən azad etməsi üçün təzyiq məqsədilə Türkiyənin iqtisadiyyatını bir-iki günə iflic vəziyyətinə salmış, birjanı çökdürmüşdü. Hansı ki, bu səbəbdən Türkiyə hələ də tam özünə gəlməyib. Türkiyə rahibi azad etdi. Tramp isə bu hadisədən sonra heç nə olmamış kimi Ərdoğanı sevdiyini açıqladı", deyə ekspert bildirib.
Həmsöhbətimiz hesab edir ki, eynisi Trampın Putinə münasibətində də olacaq:
"Tramp Putinin bütün maliyyə qaynaqlarını maksimum bağlayacaq. Putini sülhə məcbur edəcək. Sülh baş tutarsa, yenidən Putinlə normal tərzdə danışacaq. Trampın əslində, nə Putinlə, nə də digərlərilə gərginlik vəziyyətində yaşamaq fikri yoxdur. Sadəcə, istəklərinin yerinə yetirilməsinə çalışır ki, ən azı gələn il Nobel sülh mükafatı ala bilsin. Hesab edirəm ki, Tramp Putinin müharibəni dayandırması üçün ilkin addımları atacaq"
Ekspertin fikrincə, sonrakı proseslər isə Venesuela məsələsindən asılı olacaq:
"Venesuela məsələsi isə ABŞ-ın dövlət təhlükəsizliyi məsələsidir və Tramp bunu özünün əsas vəzifəsi hesab edir. ABŞ narkotik alverinin qurbanına çevrilib. Bunun kökləri dərindir. ABŞ tarixi imperialist təfəkkürün onun özünü vurmasının cəzasını çəkir. Trampın da Venesuela və Kolumbiya ilə bu məsələni həll etməkdən başqa çarəsi yoxdur, çünki onların arxasında Çin dayanıb. ABŞ Venesuela məsələsində nə qədər uğur qazana biləcəksə, Putin də bir o qədər tez yola gələcək".
Qeyd edək ki, ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Trampın Rusiyaya qarşı sanksiyaların icrasına nail olmaq niyyətində olduğunu bəyan edib. O deyib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın neft sektoruna qarşı tətbiq edilmiş yeni sərt sanksiyaların "tam icrasını təmin etməyə” qərarlıdır.
"Biz bu sanksiyaları tətbiq etdik və onların icrasına nail olacağıq”, deyə Uitaker "Bloomberg”ə müsahibəsində bildirib.
Məlumatlara görə, sanksiyaların elanından sonra neftin qiymətləri artsa da, bazarın reaksiyası "ehtiyatlı” olub. Bunun səbəbi, iddialara görə, Tramp adminstrasiyasının bu sanksiyaların icrasına nə dərəcədə ciddi yanaşacağına dair yaşanan "qeyri-müəyyənlikdir”.
Bu qeyri-müəyyənlik isə Trampın tez-tez fikirlərini dəyişməsi, dəyişkən xarakterə malik olması ilə bağlıdır.
Rüfət Sultan
Şərhlər