Siyasət 13:12 05.01.2023

Tehranla Bakı arasında “buzlar” əriyir? - Zərdüşt Əlizadənin şərhi

"Azərbaycan-İran maraqlarının uyğunlaşdırılması xalqımızın əbədi maraqlarına cavab verir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin məsləhətləşmələr üçün Tehrana çağrılmasını şərh edərkən deyib. Politoloq bildirib ki, iki ölkə arasında fikir ayrılıqları tədricən aradan qalxacaq:



"İki dövlət arasında normal münasibətlərin olması qaçılmazdır. Nə İran, nə də Azərbaycan bu planetdən köçəsi deyil. İranda Azərbaycan xalqının üçdə iki hissəsi yaşayır, bunu unutmayaq. Ona görə də Tehranın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti eyni zamanda İran əhalisinin bir hissəsinə qarşı yönələn düşmənçilik hərəkətidir.

Ölkələrimiz arasında iqtisadi münasibətlər isə həm İrana, həm də Azərbaycana xeyirlidir. İran və Rusiya ilə iqtisadi münasibətlər Azərbaycan iqtisadiyyatı üçün hədsiz dərəcədə vacib şərtdir. Siyasi məsələdə yaşanan fikir ayrılıqları isə tədricən aradan qalxacaq. Zaman özü hər şeyin həllini tapır. Azərbaycan-İran maraqlarının uyğunlaşdırılması xalqımızın əbədi maraqlarına cavab verir”. 



Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana gedib. Məlumata görə, səfir İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. Musəvi iki ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı nazirə hesabat təqdim edib. 

Görüşdə Hüseyn Əmir Abdullahian İran Hökumətinin qonşularla sıx və yaxşı münasibətlər siyasəti kontekstində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini vurğulayıb və Müştərək Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində göstərişlər verib. 

Rüfət Sultan