Avropa İttifaqının 2027-ci ilə qədər Rusiyadan təbii qaz idxalını mərhələli şəkildə dayandırmaq planları təkcə Macarıstan və Slovakiyanın deyil, digər ölkələrin də müqaviməti ilə qarşılaşacaq. Səbəb — blokdakı bəzi ölkələrin ucuz "mavi yanacaqdan” asılı olmasıdır.
Qaynarinfo xəbər evrir ki, bu barədə "Reuters” üçün yazdığı müəllif məqaləsində köşə yazarı Qeyvin Makvayer qeyd
edir.
Enerji İnstitutunun məlumatlarına istinad edən müəllif vurğulayır ki, İtaliya Avropada qazdan ən çox asılı olan iqtisadiyyatdır. "Mavi yanacaq” ölkənin enerji balansının 38%-ni təşkil edir və elektrik enerjisi istehsalında geniş istifadə olunur.
Ardınca Macarıstan və Niderland gəlir. Böyük Britaniya – Aİ üzvü olmasa da – enerji balansında qazın böyük paya malikdir. Eyni siyahıya müəllif Ukraynanı da daxil edir.
"Ümumilikdə, altı böyük Avropa ölkəsi enerji balansında 30% və ya daha çox səviyyədə təbii qazdan asılıdır. Bu isə təchizatın azalması və elektrik enerjisi istehsalı ilə sənaye fəaliyyətinə mane ola biləcək siyasətə qarşı çıxmağın əsaslı səbəbidir”, — deyə müəllif əlavə edir.
Onun fikrincə, Avropada elektrik enerjisi istehsalında qazdan ən çox asılı olan 10 iqtisadiyyatın doqquzu iri limanlara birbaşa çıxışa malikdir ki, bu da nəzəri olaraq mayeləşdirilmiş təbii qazın idxalını mümkün edir.
"Yalnız tamamilə quru ərazidə yerləşən Macarıstanın LNG idxalı üçün terminal tikə biləcəyi dəniz limanı yoxdur. Bu da ölkənin Rusiyadan qaz idxalının dayandırılmasına niyə bu qədər kəskin şəkildə qarşı çıxdığını qismən izah edir. Enerji təchizatında təxminən 25% qazdan asılı olan Slovakiya da Macarıstanla eyni coğrafi məhdudiyyətlərlə üzləşir və buna görə Aİ planına qarşı müqavimətdə Macarıstana qoşulmaq məcburiyyəti hiss edir”, — Makvayer yazır.
Müəllif qeyd edir ki, oxşar çətinliklərlə digər Mərkəzi Avropa ölkələri — xüsusilə Avstriya və Rumıniya — də üzləşir. Çünki bu ölkələr idxal terminallarından uzaqdır və digər qaz ixracatçıları ilə boru xətti bağlantıları məhduddur.
Bununla yanaşı, müəllif Avropa İttifaqı ölkələri üçün Rusiya qazının hələ də daha ucuz olduğunu vurğulayır.
"Meydərləşdirilmiş qazın Avropaya idxal qiymətləri boru kəməri ilə çatdırılan Rusiya qazından təxminən 50% baha idi. Eyni zamanda, LNG ixracatçıları arasındakı sərt rəqabət son aylarda Avropa bazarında qiymətlərin düşməsinə səbəb olub ki, bu da ehtimal ki, qiymət fərqini azaldıb”, — deyə nəşrdə qeyd olunur.
Müəllifin qənaətinə görə, yaxın perspektivdə qaz bütün Avropa üçün — həm elektrik enerjisi istehsalında, həm də sənaye proseslərində — həlledici rol oynamaqda davam edəcək. Lakin zamanla alternativ enerji mənbələrinin payı artdıqca Avropa idxal olunan qaza daha az ehtiyac duyacaq.
Qeyd edək ki, 2025-ci ilin iyununda Avropa Komissiyası Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması planını təqdim edib. Sənədə əsasən, Rusiya "mavi yanacağının” idxalı 2027-ci ilin sonunadək tam dayandırılmalı idi.
Bununla belə, dekabrın əvvəlində Aİ ölkələri Rusiyadan enerji daşıyıcılarından imtina prosesini sürətləndirməyə — 2026-cı ilin sonunadək başa çatdırmağa — razılaşıblar. Yəni Avropa Komissiyasının təklif etdiyindən bir il tez.
Eyni zamanda, Macarıstan qərar qüvvəyə mindikdən sonra Rusiyadan qazdan imtina qərarını məhkəmədə mübahisələndirəcəyini bəyan edib.
Alpər
Şərhlər