Amerikalı pop ulduzu Teylor Svift və "Kansas City Chiefs"in oyunçusu Trevis Kels "Instagram"da nişanlandıqlarını elan ediblər.
Qaynarinfo xəbər verir ki, xəbər sosial şəbəkədə rekord maraq doğurub. Paylaşım ilk saatda 14 milyon, günün sonuna qədər isə 21,2 milyon bəyəni qazanıb.
Cütlük paylaşımında "İngilis dili müəlliminiz və bədən tərbiyəsi müəlliminiz evlənir" qeydi yazılıb. Fotolarda Kelsin gül-çiçəkli bağçada Sviftin qarşısında diz çökərək təklif etməsi, əl-ələ dayanaraq gülümsəmələri və Sviftin barmağındakı iri almaz üzük diqqət çəkib.
Üzük "Artifex Fine Jewelry" ilə birgə hazırlanıb. Klassik köhnə mədən kəsimi ilə düzəldilmiş almaz qızıl çərçivədə yerləşdirilib. Svift mərasim fotosunda "Polo Ralph Lauren" mavi ipək qarışımlı don, "Louis Vuitton" sandal, 18 min dollarlıq "Cartier Santos Demoiselle" saatı və Kelsin hədiyyə etdiyi "TNT" qolbağı ilə görünüb. Kels isə lacivərt rəngli "Polo Ralph Lauren" sviter geyinib.
"Instagram" nümayəndələri paylaşımın sürətlə yüksəldiyini təsdiqləsələr də, platformanın ən çox bəyənilən paylaşımı hələ də Lionel Messinin 2022-ci ildə dünya kubokunu qaldırdığı foto olaraq qalır (74 milyon bəyəni). Məşhur "yumurta şəkli" isə 60 milyondan çox bəyəni ilə ikinci yerdədir. Svift və Kelsin paylaşımı isə hələlik ilk 20-liyin kənarında yerləşir.
Nişan xəbəri məşhurlar və markalar arasında da geniş müzakirə olunub. Uels şahzadə cütlüyü belə paylaşımı bəyənib. "Starbucks" zarafatlı şərhlərlə reaksiyalar verib, sosial şəbəkələrdə minlərlə istifadəçi isə fotolar və memlər vasitəsilə bu xəbəri qeyd edib.
Hələlik toyla bağlı rəsmi məlumat verilməsə də, pərəstişkarlar Teylor Sviftin "Love Story" mahnısına işarə edərək, onu ağ gəlinlikdə görməyi səbirsizliklə gözlədiklərini bildirirlər.
Aydın
Şərhlər