ABŞ Prezidenti Donald Tramp bütün ölkələrə qarşı 10 faiz həcmində qlobal gömrük rüsumunun tətbiqinə dair qərarı imzaladığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social” hesabında paylaşım edib.
O, paylaşımında "Bütün ölkələrə qarşı qlobal 10 faizlik gömrük rüsumunu indicə imzalamaqdan böyük şərəf duyuram” ifadəsini işlədərək, bu tariflərin demək olar ki, dərhal qüvvəyə minəcəyini bildirib.
Bəzi məhsullar tarifdən azad ediləcək
"Ağ Ev”dən verilən açıqlamada da Donald Trampın müvəqqəti idxal rüsumunun tətbiqinə dair qərarı imzaladığı bildirilib.
Açıqlamada qeyd olunub ki, Tramp 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsasən malik olduğu səlahiyyətdən istifadə edib. Həmin maddənin prezidentə müəyyən əsas beynəlxalq ödəniş problemlərini əlavə rüsumlar və digər xüsusi idxal məhdudiyyətləri vasitəsilə həll etmək imkanı verdiyi vurğulanıb.
Məlumata görə, bu çərçivədə ABŞ-yə idxal olunan məhsullara 150 gün müddətinə 10 faiz həcmində idxal rüsumu tətbiq ediləcək. Qərar 24 fevral tarixindən qüvvəyə minəcək.
Açıqlamada bəzi məhsulların müvəqqəti idxal rüsumuna cəlb olunmayacağı bildirilib. Kritik minerallar, enerji məhsulları, bəzi kənd təsərrüfatı məhsulları, dərman vasitələri, müəyyən elektronika və avtomobil məhsulları, aviasiya məhsulları, eləcə də informasiya materiallarının rüsumdan azad edildiyi qeyd olunub.
Bundan əlavə, 232-ci maddə çərçivəsində olan məhsulların, "ABŞ–Meksika–Kanada Sazişi”nə uyğun olaraq Kanada və Meksika mallarının, həmçinin Mərkəzi Amerikanın bəzi ölkələrindən idxal edilən müəyyən tekstil məhsullarının da qərarın əhatə dairəsinə daxil edilmədiyi bildirilib.
"Ağ Ev”in açıqlamasında həmçinin qeyd olunub ki, Donald Tramp ABŞ Ticarət Nümayəndəliyinə 301-ci maddə üzrə səlahiyyətindən istifadə edərək ölkəyə qarşı qeyri-məqbul və ayrı-seçkilik xarakterli ticarət fəaliyyətlərini araşdırmaq tapşırığı verib.
Ali Məhkəmə qərar vermişdi
ABŞ Ali Məhkəməsi ötən gün Donald Tramp tərəfindən tətbiq edilən tariflərin əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununun (IEEPA) prezidentə tarif tətbiq etmək səlahiyyəti vermədiyinə qərar vermişdi.
Donald Tramp məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib:
"İllərdir bizi talayan xarici ölkələr çox xoşbəxtdir, küçələrdə rəqs edirlər. Amma uzun müddət rəqs edə bilməyəcəklərinə əmin ola bilərsiniz.”
Prezident kimi istifadə edə biləcəyi IEEPA mexanizmlərindən daha güclü alətlərin mövcud olduğunu qeyd edən Tramp, 1974-cü il Ticarət Qanununun 122-ci maddəsi çərçivəsində artıq tətbiq edilən rüsumlara əlavə olaraq 10 faizlik qlobal tarifin tətbiqinə dair qərar imzalayacağını açıqlamışdı.
O, həmçinin ABŞ-ni digər ölkələrin və şirkətlərin ədalətsiz ticarət təcrübələrindən qorumaq məqsədilə 301-ci maddə və digər müddəalar əsasında müxtəlif araşdırmalara başlanılacağını bildirib.
Aydın
Şərhlər