Xəbər lenti

Trampın Pekin səfəri: əməkdaşlıq, yoxsa rəqabətin yeni mərhələsi?
Dünya 16:08 21.02.2026

Trampın Pekin səfəri: əməkdaşlıq, yoxsa rəqabətin yeni mərhələsi?

"Trampın Pekinə olacaq bu səfərinin ABŞ-la Çin arasında bütün sahələr üzrə münasibətlərdə normallaşmaya gətirib çıxaracağı qənaətində deyiləm. Onlar arasında həqiqi əməkdaşlıq real deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ Prezidenti Donald Trampın martın sonlarında Çinə olacaq səfərinin tərəflər arasındakı münasibətlərə təsirini şərh edərkən deyib. 

Politoloq qeyd edib ki, ABŞ-la Çin arasındakı rəqabət qlobal rəqabətdir:

"Bu əsasda onlar arasındakı münasibətlərin iqtisadi və ticari əlaqələrin qaydaya düşməsilə normallaşa biləcəyini düşünmürəm. Çinin texnoloji cəhətdən inkişafı, dünyanın müxtəlif, xüsusən də inkişaf etməkdə olan ölkələrinə investisiya yatırması həmin regionlarda anti-Amerikan ovqatını da gücləndirdiyindən, Vaşinqton hazırda özünün əsas rəqibi qismində məhz Pekini görür”.  

Müsahibimiz bildirir ki, tərəflərin görüş ilə bəzi məsələlərdə anlaşmanın əldə olunacağı mükündür: 

"Bəzi məsələlərdə isə anlaşma görüntüsü də yarada bilərlər. Amma alt qatda isə bu iki güc dünyanı yenidən bölüşdürmək uğrunda kəskin rəqabətdədir. Ona görə də onlar arasında uzunmüddətli və həqiqi əməkdaşlığın ortaya çıxması real deyil”. 
 


Politoloq hesab edir ki, hazırda dünyada yaşanan əksər hərbi münaqişələrin kökündə də məhz Pekinlə Vaşinqton arasında dünya ağalığı uğrunda gedən mübarizə dayanır: 

"Əslində hazırda dünyanın müxtəlif bölgələrində yaşanan potensial hərbi münaqişələr məhz bu iki ölkə arasında dünya ağalığı uğrunda gedən mübarizənin tərkib hissəsidir. Bu gün Amerikanı İrana qarşı daha qətiyyətli addımlar atmağa məcbur edən əsas amil də heç şübhəsiz Vaşinqton-Pekin qarşıdurmasında Tehranın məhz Pekinin yanında yer alması faktı ilə bağlıdır. Bütün bunlara görə Trampla Si Szinpin arasındakı qarşıdakı görüşdən ciddi nəticələr gözləmirəm. Görüş o qədər də məhsuldar olmayacaq. Çünki tərəflərin daha strateji məqsəd və hədəfləri bir-birinə kəskin şəkildə tərs mütənasibdir. İndilikdə hər iki tərəf üçün iqtisadi, ticari sahədə əməkdaşlığın davam etdirilməsi daha çox arzuolunandır, nəinki bu sahədə ticarət müharibəsinin davam etdirilməsi”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 31-dən aprelin 2-dək Çində səfərdə olacaq. Səfər zamanı Trampın Çin sədri Si Szinpinlə görüşü gözlənilir.

Bildirilir ki, tərəflər tariflərin artımını dayandırmış olan ticarət barışığının uzadılması imkanını müzakirə edəcəklər.

Rüfət Sultan
--> -->