ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da ölkənin Müdafiə Nazirliyinə nüvə silahlarının sınaqlarına başlamağı tapşırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə onun Truth Social sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
Tramp bəyan edib ki, ABŞ-ın nüvə silahı ehtiyatı istənilən digər ölkədən daha çoxdur.
Trampın sözlərinə görə, bu qərar, xüsusən də onun birinci prezidentlik müddətində mövcud arsenalın tam yenilənməsi və modernləşdirilməsi nəticəsində mümkün olub. O bildirib ki, "bunu etməyi nifrətlə qarşılayır”, çünki nüvə silahının dağıdıcı gücü nəhəngdir, lakin "başqa çıxış yolu yox idi”.
"[Təcavüzkar ölkə] Rusiya ikinci yerdədir, Çin isə xeyli geridə qalır, amma beş il ərzində çatacaq. Digər ölkələrin sınaq proqramlarını nəzərə alaraq, mən müharibə nazirliyinə (Pentaqona) nüvə silahlarımızın sınaqlarına bərabər şərtlərlə başlamağı tapşırdım. Bu proses dərhal başlanacaq”, – deyə Ağ Evin rəhbəri bildirib.
O, söhbətin "digər ölkələrin” hansı sınaqlarından getdiyini dəqiqləşdirməyib. Lakin bundan əvvəl Rusiya "Burevestnik” (NATO kodlaşdırması ilə Skyfall) adlı nüvə qanadlı raketini – həmçinin "uçan Çernobıl” kimi tanınan silahı – və "Poseydon” adlı sualtı nüvə silahını sınaqdan keçirdiyini açıqlamışdı.
"Burevestnik” sınaqlarını şərh edən Tramp bildirib ki, ABŞ-a məxsus nüvə sualtı qayığı hazırda Rusiya sahilləri yaxınlığında yerləşir. "Onlar bizimlə oyun oynamır, biz də onlarla oynamırıq”, – deyə ABŞ lideri vurğulayıb.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi diqqətə çatdırıb ki, Moskva Ukraynada başladığı müharibə ilə bağlı guya sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyə çalışdığı bir vaxtda Qərbi "nüvə təhdidi” ilə qorxutmağa başlayıb.
Alpər
Şərhlər