"Donald Trampın Pentaqon rəhbəri və Hərbi-Dəniz Qüvvələri nazirilə verəcəkləri birgə bəyanatının mövzusu rəsmi olaraq açıqlanmasa da, müəyyən mülahizələr artıq gündəmi zəbt edir və burada Rusiya-Ukrayna müharibəsinin əsas yer tutacağı ehtimalı böyükdür".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov dekabrın 23-də ABŞ Prezidenti Donald Trampın Pentaqon rəhbəri və Hərbi-Dəniz Qüvvələri nazirilə birgə verəcəkləri bəyanatın hansı məsələlərə həsr olunacağına münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, bunu bilmək üçün bəyanata damğa vura biləcək əvvəlki hadisələri yada salmalıyıq:
"Bəyanat zamanı Trampla birlikdə olacaq adamlar həm Pit Heqset (Müdafiə naziri), həm də Con Felan (Dəniz Qüvvələri naziri) Trampın hərbi rəhbərliyində təmsil olunan əsas fiqurlardır. Dekabrın 17-də Tramp xalqa müraciət edərək ABŞ ordusunun gücünü vurğuladı və onu "ən güclü" adlandırdı. Heç şübhəsiz, Trampın bəyanatı Rusiya-Ukrayna müharibəsi damğa vuracaq. Amma bu toxunmanın tərəflərdən hansının mənafeyinə uyğun olacağını öncədən söyləmək çətindir. Pessimistlər bu fonda ABŞ-ın vasitəçilik missiyasından geri çəkilərək Ukraynanı Avropanın ümidinə buraxacağından da narahatdırlar".
Qeyd edək ki, dekabrın 23-ü, yerli vaxtla saat 16:30-da ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqset və Hərbi Dəniz Qüvvələrinin naziri Con Felanla birlikdə bəyanatla çıxış edəcəklər. Həmin bəyanatın verilmə məkanı isə Ağ Ev deyil, Florida ştatının Palm Biç şəhəri olacaq. Hələlik ABŞ liderinin konkret olaraq nədən danışacağı bəlli deyil. Bəyanatdan bir saat əvvəl onun üçün kəşfiyyat üzrə qapalı brifinq keçiriləcək.
Rüfət Sultan
Şərhlər