"Tramp Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri böyük güc hesab edərək, onlarla sıx əməkdaşlığın olmasında maraqlıdır. Savaş "Hartland”, yəni dünyanın ürəyi uğrunda gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampın Mərkəzi Asiyanın 5 ölkə liderlərini birgə qəbul etməsini şərh edərkən deyib.
"Trampın Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq ölkələrilə sıx diplomatik trafikini müşahidə edirik. Tramp addım-addım Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyanın neoimperalist təzyiqindən uzaqlaşdırmaq və burada ABŞ-ın təsir imkanlarını artırmaq yolunu tutub”, deyə ekspert bildirib.
Ekspert bildirib ki, Trampın Mərkəzi Asiyada əsas məqsədi isə bu regionun zəngin resurslarından istifadə etmək, iqtisadi dividentlər götürməkdən ibarətdir:
"Ona görə də Tramp Mərkəzi Asiya ölkələrilə yaxınlaşmaqda maraqlıdır. Yəni burada daha çox geosiyasi və geoiqtisadi maraqlar öndə gəlir. Mübarizə əslində "Hatland”, yəni dünyanın ürəyi uğrunda gedir. Mərkəzi Asiya ölkələri də "Hatland”da xüsusi coğrafiyadır. Deməli, Tramp da "Hatland” uğrunda savaşa başlayıb. Onun bu hərəkətləmələri daha da artacaq".
Həmsöhbətimiz qeyd edir ki, Mərkəzi Asiya ölkələrinin də prosesi müsbət qiymətləndirdikləri hiss olunur:
"Ona görə də Trampa komplimentlər səsləndiriblər. Çünki burada söhbət Mərkəzi Asiya və Cənubi Qafqazın daha böyük inteqrasiyasından gedir. Bu isə o anlama gəlir ki, ABŞ-ın həmin kursu dayanıqlı olarsa, yaxın perspektivdə Mərkəzi Asiya və Cənubi Qafqazda Vaşinqtonun təsiri daha da artacaq. Belə vəziyyət isə Rusiyanın neoimperial ambisiyyalarını durdurmaq üçün ciddi bir aktor olacaq. Ona görə də Vaşinqtonun uzatdığı bu əli qəbul etmək lazımdır".
Qeyd edək ki, bu günlərdə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Mərkəzi Asiyanın 5 ölkəsinin liderlərilə görüşüb. Müzakirələrin əsas mövzusu Mərkəzi Asiyanın strateji əhəmiyyətli mineral ehtiyatlarına çıxış olub.
Habelə ABŞ-la Özbəkistan arasında ticarət razılaşması əldə olunub. Trampın sözlərinə görə, yaxın üç ildə Daşkəndin ABŞ iqtisadiyyatına yatıracağı investisiyaların həcmi 35 milyard dollar olacaq. Gələcək onillikdə bu rəqəmin 100 milyard dolları keçəcəyi bildirilir. Saziş aviasiya, kənd təsərrüfatı və İT sektorlarını əhatə edir.
Qazaxıstanın uran istehsalında lider mövqeyi, Özbəkistanın qızıl ehtiyatları və Türkmənistanın qaz resursları ABŞ üçün strateji əməkdaşlıq imkanlarını artırıb.
Tədbirdə həmçinin Qazaxıstanın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "İbrahim sazişi”nə qoşulacağı elan olunub.
Rüfət Sultan
Şərhlər