NATO-nun Baş katibi ABŞ-ın Alyansa münasibətini onun hərəkətləri və ümumi müdafiəyə verdiyi töhfə əsasında qiymətləndirməyi tövsiyə edib - siyasi bəyanatlarına görə yox, hətta bu bəyanatlar narahatlıq doğursa belə.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Haaqada keçirilən NATO sammiti ərəfəsində jurnalistlərə açıqlamasında deyib.
Niderlandın keçmiş baş naziri və NATO-nun yeni baş katibi Mark Rüttedən ABŞ Prezidenti Donald Trampın NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin öhdəliklərini növbəti dəfə şübhə altına alması ilə bağlı fikri soruşulub.
Rütte bu suala cavabında bildirib:
"ABŞ rəhbərliyinin nə dediyinə yox, nə etdiyinə baxın. Donald Tramp nə edir? Onlar müdafiəyə illik təxminən bir trilyon dollar xərcləyirlər, NATO-da digərlərinə nisbətən qat-qat çox töhfə verirlər. Onlar Alyansa əsas, həyati əhəmiyyətli imkanlar təqdim edirlər".
O əlavə edib ki, ABŞ NATO-da fərqlə öndə gedən ən vacib müttəfiqdir, lakin eyni zamanda, Alyans üzvləri arasında xərclərin bərabərləşdirilməsinin vacibliyini vurğulayıb.
Rütte deyib:
"Gələcək illərdə biz ABŞ-ın yükünü tədricən Avropalı tərəfdaşlar və Kanada ilə bölüşəcəyik. Məncə, bu, ədalətli yanaşmadır. Biz müdafiə xərclərini bərabərləşdirməliyik."
Bununla belə, Rütte ABŞ-ın NATO qarşısındakı öhdəliklərinə sədaqəti ilə bağlı birbaşa fikir bildirməkdən yayınaraq, konkret qiymətləndirmə verməyib.
Xatırladaq ki, sammitə gedərkən Donald Tramp bəyan etmişdi ki, NATO-nun 5-ci maddəsinin — yəni bir üzvə hücum edilərsə, bütün üzvlərin ona dəstək verməsini nəzərdə tutan əsas prinsipin vahid izahı yoxdur. Amma Tramp bu bəyanatında ABŞ-ın digər üzvlərin müdafiəsi üzrə öhdəliklərindən imtina etməyib və bu məsələyə sammitdə daha ətraflı cavab verəcəyini bildirib.
Alpər
Şərhlər