Xəbər lenti

Dünya 15:39 08.09.2025

"Trampın Putinə qarşı addım atmaqdan başqa yolu qalmayıb" - Ekspert

"Trampın gec-tez Rusiyaya qarşı ciddi təzyiq yolu tutacağına əminəm. Putinin oyunlarına qarşı Tramp ABŞ-ın imicini qorumağa məhkumdur. Artıq bunun işartıları görünür".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğu barədə bəyanatını şərh edərkən deyib. 

"Tramp ilk gündən Putinlə konfliktə getməmək yolu tutdu. Çünki fikirləşirdi ki, Putin ağıllı və adekvat adamdır. Onun hədələrini ciddi qəbul edəcək və hədələrin tətbiqinə ehtiyac qalmadan konstruktiv yola gələcək. Amma dəfələrlə diplomatik görüşlər, sonda isə Alyaskada üz-üzə görüşdən sonra Trampın Putinin adekvatlığına olan inamı sarsıldı. Tramp artıq başa düşür ki, Putinin məntiqi reallıqdan kənardır. O özü üçün qurduğu dünyanın qanunları ilə hərəkət edir, bu, heç bir sivil dünya qanunlarına sığmır. Ona görə də artıq ikinci sanksiya paketinin tətbiqi reallaşır", deyə politoloq bildirib. 
 


Ekspert qeyd edir ki, Tramp Putinin üzərinə ciddi şəkildə getmir. Başa düşür ki, bu, təhlükəlidir:

"Putinə istədiyinin minimumunu verməklə məsələni həll etməyə çalışır. Amma Putin minimuma qane olmur. Bu da Trampa sanksiyaları işə salmaqdan başqa yol buraxmır".

Həmsöhbətimiz düşünür ki, sanksiyalar birbaşa Rusiyaya yox, onun ayaqda durmasına yardım olan ölkələrə və şirkətlərə yönələcək:

"Bu, Rusiyanın zəifləməsi üçün mütləqdir. Həmçinin bu, Ukraynaya veriləcək raketlər şəklində olacaq. Çünki bunun mesajları verilir. Hesab edirəm ki, tək sanksiyalarla Rusiyanın məğlub edilməsi mümkün olmasa da, əhəmiyyəti çox olacaq. Rusiyanın tədricən zəiflədilməsi yolu öz işini gec-tez görəcək".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib. "Bəli, hazıram", deyə Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavabında deyib, lakin təfərrüatlara varmayıb. 

Eyni zamanda, Tramp bəyan edib ki, bir sıra Avropa liderləri Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün sentyabrın 8 və 9-da ABŞ-a gələcək. Bundan əvvəl isə ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun Moskvaya iqtisadi təzyiqləri gücləndirməyə hazır olduğunu, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyinin də vacib olduğunu vurğulayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->