"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında turizm sektorunda ixtisaslı kadr məsələsinə də toxunulub. Sənəddə turizm sahəsinin inkişafı üçün peşəkar kadr potensialının gücləndirilməsinin vacibliyi vurğulanır. Bu istiqamətdə təhsil və əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsi, müasir tələblərə uyğun mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Turizm sektorunda kadr hazırlığının inkişaf etdirilməsi xidmət keyfiyyətinin və sektorun rəqabət qabiliyyətinin artırılması baxımından da əhəmiyyət daşıyır.
Turizm təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün hansı dəyişikliklərin edilməli olduğu ilə bağlı turizm eksperti Samir Dübəndi fikirlərini Qaynarinfo ilə bölüşüb.
Ekspert bildirib ki, problemin yalnız kadr çatışmazlığı kimi qiymətləndirilməsi düzgün deyil:
"Burada problemi yalnız “kifayət qədər kadr yetişdirilmir” kimi qiymətləndirmək düzgün olmazdı. Əsas məsələ həm kadr sayının tələbdən geri qalması, həm də hazırlanan mütəxəssislərin bir hissəsinin əmək bazarının real tələblərinə uyğunlaşmamasıdır. Dövlət Proqramında göstərilir ki, 2023-cü ildə turizm ixtisasları üzrə cəmi 1,9 min nəfər məzun olduğu halda, təkcə həmin il yerləşdirmə və ictimai iaşə sahələrində 8,8 min nəfər yeni muzdlu işə cəlb edilib. 2016–2022-ci illərdə Azərbaycan Turizm və Menecment Universiteti məzunlarının məşğulluq səviyyəsi 53,6 faiz, ixtisasa uyğun məşğulluq isə 58 faiz olub. Bu rəqəmlər kəmiyyətlə yanaşı, struktur uyğunsuzluğunun da olduğunu göstərir".

Samir Dübəndinin sözlərinə görə, problemin yaranmasına bir neçə amil təsir edir:
“Səbəblər də kompleksdir. Turizm və qonaqpərvərlik çox praktik sahədir; hotel, restoran və turizm şirkətinə yalnız diplomlu və yaxud ilk gündən müəyyən peşə bacarıqlarına malik əməkdaş lazımdır!? Proqramın özündə də mövsümilik, yüksək işçi axını və əmək bazarında peşəkarlığın yetərincə təşviq olunmaması kadr potensialını zəiflədən amillər kimi göstərilir. Deməli, məsələ yalnız universitet və peşə məktəblərinin deyil, eyni zamanda biznesin əmək şəraiti, əməkhaqqı, karyera imkanları və kadrın sektorda saxlanılması məsələsidir”.
Ekspert hesab edir ki, əsas dəyişiklik turizm təhsilində yanaşmanın dəyişdirilməsi olmalıdır:
“Məncə, əsas dəyişiklik “diplom yönümlü” hazırlıqdan “kompetensiya yönümlü” hazırlığa keçid olmalıdır. Təhsil proqramları hotellər, restoranlar, turoperatorlar və digər işəgötürənlərlə birlikdə mütəmadi yenilənməli, dual peşə təhsili genişləndirilməli, istehsalat təcrübəsi formal prosedur deyil, real iş mühitində ölçülə bilən bacarıqların qazanıldığı mərhələyə çevrilməlidir. Xarici dillər, rəqəmsal sistemlər, satış, müştəri xidməti, dayanıqlılıq və praktiki əməliyyat bacarıqları proqramlarda daha böyük yer tutmalıdır”.
Samir Dübəndi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin də bu baxımdan əhəmiyyətli olduğunu vurğulayıb:
“Dövlət Proqramının dual təhsil, qısamüddətli peşə hazırlığı, beynəlxalq standartlara uyğun proqramlar və təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi ilə bağlı tədbirləri məhz bu istiqamətdə mühüm addımdır. Əsas məsələ isə onların bizneslə sıx əməkdaşlıq şəraitində real şəkildə həyata keçirilməsidir”.
Günay İlqarqızı
Şərhlər