İdman 13:46 30.01.2023

Türk əsilli almandan etiraf: "Həmin vaxt yaşadıqlarım həyatımda çox şeyi dəyişdi"

Dortmund "Borussiya"sında çıxış edən türk əsilli almaniyalı futbolçu Emre Can xərçəng xəstəsi olduğunu etiraf edib.

Qaynarinfo xəbər verir ki, o, DAZN-a açıqlamasında 2018-ci ildə onda bu xəstəliyin aşkarlandığını bildirib.

"Pulun çox, hər şeyin ola bilər, amma ən əsası sağlamlıqdır. 2018-ci ildə "Yuventus"a transfer olunduqdan bir-iki ay sonra menecerim mənə zəng edib həkimə getməli olduğumu dedi. Nə baş verdiyini anlamadım. Həkimlə danışanda o, səs tellərimin yaxınlığında şiş aşkarlandığını və təcili əməliyyata ehtiyacım olduğunu bildirdi. Mənə qalxanabənzər vəzdə xərçəng diaqnozu qoyuldu. Bu xəstəlik haqqında heç nə bilmirdim. Daha sonra bununla bağlı bəzi testlərdən keçdim və 2018-ci ilin oktyabr ayında əməliyyat olundum. Həmin vaxt yaşadıqlarım həyatımda çox şeyi dəyişdi. Bu xəstəlik təəssüf ki, həyatın bir parçasıdır və mən hər kəsə müayinədən keçməyi məsləhət görürəm. Səhhətimlə bağlı problemi aşkarladığı üçün "Yuventus"a minnətdaram. Klubda müayinələrdən sonra mənə zəng vurdular. Heç ağlıma belə gətirməzdim ki, xərçəng xəstəliyi olardı. Turinə köçmək buna görə əvəzolunmaz idi”, deyə Emre Can bildirib.

Qeyd edək ki, Emre "Ayntraxt", ardınca "Bavariya"nın akademiyasında özünü göstərdikdən sonra 2014-cü ildə Münhen klubunun əsas komandasına yüksəlib. Ardınca 12 milyon avro qarşılığında "Liverpul"a keçən yarımmüdafiəçi 2018-ci ilin yayında azad agent kimi "Yuventus”a yollanıb. 2019/20 mövsümünün ikinci yarısında icarə əsasında Dortmund klubuna gedən futbolçu mövsümün sonunda Bundesliqa nəhəngi ilə 25 milyon avro qarşılığnda müqavilə bağlayıb.

Səbuhi Həsənov