NATO-nun Ankarada keçiriləcək sammiti ərəfəsində Türkiyə alyansın əsas oyunçulardan birinə çevrilir.
Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, Ankara müttəfiqlər arasında parçalanmanın qarşısını almağa və Avropa üçün ABŞ-ın rolunu qismən əvəz etməyə çalışır.
Agentliyin istinad etdiyi diplomatlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Vaşinqtonda hörmətlə qarşılanan güclü lider kimi qiymətləndirirlər. Onların fikrincə, Avropa ilə ABŞ arasında münasibətlərin gərgin olduğu şəraitdə Ərdoğan sammitin konstruktiv məcrada keçməsinə töhfə verə bilər.
"Bloomberg”in həmsöhbəti olan ekspertlər Türkiyənin Avropanın silah təchizatındakı rolunun da artdığını qeyd ediblər. Məqalədə bildirilir ki, ötən il Türkiyənin müdafiə sənayesi ixracının yarıdan çoxu ABŞ, Avropa və digər Qərb müttəfiqlərinə yönəlib.
Məlumata görə, 2020-ci ildən etibarən Türkiyə müdafiə şirkətlərinin xarici satışları dörd dəfə artıb. Buna NATO standartlarına uyğun döyüş pilotsuz uçuş aparatları, hərbi gəmilər, təlim təyyarələri, zirehli texnika və hərbi elektronika sistemlərinin ixracı səbəb olub.
Agentliyin məlumatına əsasən, NATO sammitində ABŞ-nin Avropadakı hərbi iştirakının azalmasını kompensasiya etməyə yönəlmiş bir sıra iri müdafiə müqavilələrinin elan ediləcəyi gözlənilir.
"Bloomberg” iddia edir ki, ABŞ administrasiyası Avropadan strateji bombardmançı və qırıcı təyyarələrinin təxminən üçdə birini, kəşfiyyat və zərbə tipli pilotsuz uçuş aparatlarının demək olar ki, hamısını, həmçinin hərbi donanmasının yarısını çıxarmağı planlaşdırır.
Məqalədə qeyd olunur ki, Türkiyə bu boşluğu dolduracaq əsas həlqə kimi özünü ön plana çıxarmağa çalışır.
"Bloomberg” həmçinin xatırladır ki, Soyuq müharibədən sonra NATO-nun əksər Avropa üzvlərindən fərqli olaraq Türkiyə silahlı qüvvələrini ixtisar etməyib. Ötən il ölkənin hərbi xərcləri 7% artaraq 30 milyard ABŞ dollarına çatıb.
Aydın
Şərhlər