İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir.
Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməyə davam edən qeyri-adi bir məkan var. Uzaqdan baxdıqda sıx tikililərlə əhatə olunmuş şəhəri xatırladan Vadi-us-Səlam əslində milyonlarla insanın dəfn edildiyi nəhəng qəbiristanlıqdır. Ərəb dilində "Sülh vadisi" mənasını verən qəbiristanlığın sahəsi 9,17 kvadrat kilometrdən çoxdur və bu, Manhettendəki Mərkəzi parkın ərazisindən təxminən üç dəfə böyükdür.
Dünyanın ən böyük qəbiristanlığı hesab edilən Vadi-us-Səlamın tarixi min ildən də əvvələ gedib çıxır. Üstəlik, bu məkan yalnız tarixi əhəmiyyət daşıyan ərazi deyil. Bu gün də qəbiristanlıqda dəfn mərasimləri keçirilir. Buradakı məzar daşları, dar yollar və türbələr nəhəng yaşayış məntəqəsini xatırladan mənzərə yaradır.
Vadi-us-Səlamın bu qədər genişlənməsində yerləşdiyi ərazi mühüm rol oynayıb. Qəbiristanlıq şiələrin ilk imamı, həmçinin Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talibin türbəsinin yerləşdiyi Nəcəf şəhərindədir. Buna görə dünyanın müxtəlif bölgələrində yaşayan şiə müsəlmanları üçün burada dəfn olunmaq uzun illərdir xüsusi əhəmiyyət daşıyır.
Təxminən 1400 il ərzində qəbiristanlıqda 5-6 milyon insanın dəfn edildiyi ehtimal olunur. Ərazidə qədim peyğəmbərlərə və krallara aid edilən məzarlarla yanaşı, yaxın tarixdə baş vermiş müharibə və qarşıdurmalarda həlak olan insanların məzarları da yerləşir.
1980-ci illərdə baş vermiş İran-İraq müharibəsində həlak olanlar üçün də qəbiristanlıqda geniş bölmə ayrılıb. Şiələrin 1991-ci ildə Səddam Hüseyn hakimiyyətinə qarşı başlatdığı üsyan zamanı həyatını itirənlər üçün də ayrıca hissə mövcuddur. ABŞ-ın rəhbərlik etdiyi İraq müharibəsi və İŞİD-lə qarşıdurmalar isə qəbiristanlığın yaxın tarixində yeni bölmələrin yaranmasına səbəb olub.
Vadi-us-Səlamda dəfn olunan tanınmış şəxslər arasında 1980-ci ildə Səddam Hüseyn hakimiyyəti tərəfindən edam edilən islam alimi və siyasi fəal Məhəmməd Baqir əs-Sədr də var. İslamdan əvvəlki dövrün mühüm dini şəxsiyyətləri hesab edilən Hud və Saleh peyğəmbərlərə aid edilən məzarlar da burada yerləşir.
Müharibə dövrlərində dəfnlərin sayı sürətlə artıb
İraq müharibəsinin ən şiddətli dövrlərində Vadi-us-Səlama gündə təxminən 250 cənazə gətirilirdi. İŞİD-in 2014-cü ildə İraqda geniş əraziləri ələ keçirdiyi dövrdə isə gündəlik dəfnlərin sayı təxminən 200-ə çatıb.
Qəbiristanlığın dar küçələrində çalışan bəzi məzarqazanlar burada paranormal hadisələrin baş verdiyini iddia edirlər. Lakin Vadi-us-Səlamı qeyri-adi edən əsas xüsusiyyət İslamdan əvvəlki rəvayətlərdən müasir İraq tarixindəki müharibələrə qədər uzanan çox geniş bir dövrün izlərini eyni məkanda daşımasıdır.
Əsrlər boyu böyüyən qəbiristanlıq bu gün yalnız nəhəng ölçüləri ilə deyil, həm də regionun dini və tarixi keçmişindəki mühüm yeri ilə diqqət çəkir.
Aydın
Şərhlər