Xəbər lenti

Türkiyədən 10 tələbə Azərbaycana gəldi
Ölkə 12:38 30.07.2026

Türkiyədən 10 tələbə Azərbaycana gəldi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) həyata keçirdiyi "İnkişaf səfirləri" proqramı çərçivəsində 350 universitet tələbəsindən seçilmiş 10 nəfər agentliyin Azərbaycandakı layihələri ilə tanış olub və yerli sakinlərlə görüş keçirib.

Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, proqram çərçivəsində tələbələr TİKA-nın dəstəyi ilə təşkil olunan V Milli Yaylaq Festivalında iştirak edib, həmçinin agentlik tərəfindən yaradılmış Gəncədəki Nuru Paşa Muzey-Evini ziyarət ediblər.

İştirakçılar Tərtərdə Heydər Əliyev adına parkda açıq səhnə layihəsi, Ucar Rayon Mərkəzi Xəstəxanasının dializ mərkəzi, Göyçayda meyvə istixanaları layihəsi, Sumqayıtda bal qablaşdırma müəssisəsi, eləcə də "ASAN Radio" və "ASAN Web TV" layihələri ilə yaxından tanış olublar.

Tələbələr inkişaf layihələrini yerində öyrənməklə yanaşı, Türkiyənin Bakıdakı səfirliyini, Gəncədəki Baş Konsulluğunu, "Anadolu" Agentliyinin Asiya və Qafqaz ölkələri üzrə nümayəndəliyini, TRT-nin Bakı bürosunu və Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzini də ziyarət ediblər.

Ankara Universitetinin hüquq fakültəsinin tələbəsi Yiğit Burak Ergin bildirib ki, TİKA-nın dəstəyi sayəsində Azərbaycanı və qardaş bölgəni daha yaxından tanımaq imkanı əldə edib.

Onun sözlərinə görə, V Milli Yaylaq Festivalında iştirak etmələri tələbələrə türk dövlətlərinin ənənələri, milli idman növləri və köçəri mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verib.

"Biz TİKA-nın layihələrini ziyarət edərək agentliyin insanlara necə fayda verdiyini və onların həyatına hansı töhfələri verdiyini gördük. Türkiyə vətəndaşı kimi ölkəmizin qurumlarının minlərlə kilometr uzaqda insanların həyatını asanlaşdıran layihələr həyata keçirməsi mənim üçün qürurverici idi", deyə Ergin qeyd edib.

Ankara Yıldırım Bəyazid Universitetinin psixologiya fakültəsinin tələbəsi Məhəmməd Əmir Alıcı isə proqram iştirakçılarının Azərbaycanı daha yaxından tanıdıqlarını və şəhid ailələrini ziyarət etdiklərini bildirib.

"TİKA-nın dəstəyi ilə yaradılmış dializ mərkəzində olduq. Yerli səhiyyə idarəsinin rəhbəri dedi ki, TİKA burada insanların həyatını xilas etməyə kömək edir. Bu sözlər məni çox təsirləndirdi", deyə o vurğulayıb.

Kırıkkale Universitetinin hüquq fakültəsinin tələbəsi Mehmet Furkan Bakır da proqramın onlara TİKA-nın layihələri ilə birbaşa tanış olmaq imkanı yaratdığını bildirib.

"Qarabağ müharibəsində şəhid olmuş insanların ailələrini ziyarət etdik. Azərbaycandakı qardaşlarımızın bizimlə eyni dəyərləri və məqsədləri bölüşdüyünü gördük. Bu bizim üçün çox dəyərli təcrübə oldu", deyə Bakır bildirib.

Proqram çərçivəsində ümumilikdə 350 universitet tələbəsi TİKA-nın 35 ölkədə həyata keçirdiyi layihə və sahə fəaliyyətlərində iştirak edəcək.

Layihənin məqsədi gənclərin müxtəlif cəmiyyətlərin ehtiyaclarını daha yaxından öyrənməsi, layihələrin hazırlanması və icrasında təcrübə qazanması, həmçinin ölkələr arasında həmrəyliyin və bilik mübadiləsinin gücləndirilməsidir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->