Xəbər lenti

Türkiyənin geoiqtisadi strategiyası və Yaxın Şərqdə yeni sərmayə reallığı (ŞƏRH)
Dünya 17:40 27.04.2026

Türkiyənin geoiqtisadi strategiyası və Yaxın Şərqdə yeni sərmayə reallığı (ŞƏRH)

"Ankara Yaxın Şərqdə sərmayə mərkəzi olmaq uğrunda strateji addımlar atır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Təhlilçi qeyd edib ki, Turkiyə ABŞ-İsrail-İran qarşıdurmasının yaratdığı yeni geosiyasi reallığı öz xeyrinə çevirmək üçün genişmiqyaslı geoiqtisadi strategiyanın ilk mərhələsini həyata keçirməyə başlayıb.  Onun sözlərinə görə, Türkiyə Prezidenti RəcəbTayyip Ərdoğan tərəfindən İstanbulda elan edilən vergi güzəştləri və investisiya təşviqləri paketi Türkiyənin qlobal kapital, ticarət və istedad mərkəzinə çevrilməsi hədəfinin açıq göstəricisidir:

"Sərmayə üçün güclü investisiya mərkəzi proqramı" ölkənin ənənəvi "körpü dövlət" modelindən çıxaraq enerji və ticarət dəhlizlərinin əsas mərkəzinə çevrilmək iddiasını ortaya qoyur. Bu yanaşma qlobal iqtisadi nizamın dəyişdiyi bir dövrdə Türkiyənin sabitlik və investisiya cazibə mərkəzi kimi mövqeyini gücləndirir".
 


Siyasi şərhçi əlavə edib ki, yeni iqtisadi paket korporativ vergi endirimləri, İstanbul Maliyyə Mərkəzinin gücləndirilməsi, kapital repatriasiyası təşviqləri və bürokratik maneələrin azaldılması kimi addımlarla Türkiyəni regional maliyyə mərkəzinə çevirməyi hədəfləyir. Onun sözlərinə görə, bu, xüsusilə qlobal iqtisadi tendensiyalardan maksimum faydalanmaq strategiyasıdır:

"Müharibələrin davam etdiyi və enerji bazarlarının qeyri-sabit olduğu bir dövrdə Ankara tranzit ticarət və investisiya axınlarını özünə yönəltməklə strateji üstünlük qazanmağa çalışır. Bu isə Türkiyənin çoxqütblü dünya  nizamında yeni güc mərkəzlərindən birinə çevrilmək ambisiyasını daha da gücləndirir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son illərin ən iddialı iqtisadi islahat paketlərindən birini açıqlayıb. Sadə və cəsarətli görünən proqram Türkiyəni həm daxili, həm də qlobal kapital üçün çox cəlbedici ölkəyə çevirə bilər. Xüsusilə də son İran münaqişəsi fonunda ciddi reputasiya və infrastruktur zədələri görən Birləşmiş Ərəb Əmirliklərinin cəlbediciliyinin zəifləməsi fonunda Türkiyənin təqdim etdiyi yeni proqram daxili və xarici investisiyalar, kapital üçün cəlbedici ola bilər.

Siyasət şöbəsi
--> -->