Xəbər lenti

Tusk Trampın təhdidləri fonunda Avropaya kəskin müraciət etdi:
Dünya 17:14 05.01.2026

Tusk Trampın təhdidləri fonunda Avropaya kəskin müraciət etdi: "Biz bitəcəyik"

Polşanın Baş naziri Donald Tusk Avropanın gələcəyi ilə bağlı sərt xəbərdarlıq edib. Onun sözlərinə görə, AB ölkələrinin xarici siyasətdəki mövqelərində yaranan fikir ayrılıqları fonunda birlik olmasa, qitə "bitəcək". 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri yazır.

Tusk qeyd edib ki, əgər Avropa "zəif və parçalanmış" olarsa, nə düşmənlər, nə də müttəfiqlər onu "ciddi" qəbul edəcəklər.

"Bu, artıq indidən aydındır. Biz nəhayət öz gücümüzə inanmalı, silahlanmağa davam etməli və əvvəlkindən daha çox birlik nümayiş etdirməliyik. Hamı bir nəfər, bir nəfər hamı üçün. Əks halda biz bitəcəyik", - deyə siyasətçi vurğulayıb.

Qeyd olunur ki, Tuskun xəbərdarlığı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı nəzarətə götürməklə bağlı təhdidlərindən sonra səslənib.

"Milli təhlükəsizlik mülahizələrinə görə, bizə Qrenlandiya lazımdır. Biz Qrenlandiya məsələsini təxminən iki aya həll edəcəyik. 20 gündən sonra Qrenlandiya haqqında danışarıq", - deyə Amerika lideri qeyd edib.

Məlumdur ki, Avropa İttifaqının ABŞ-ın Venesueladakı xüsusi əməliyyatına reaksiyası birmənalı olmayıb. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, Macarıstan istisna olmaqla, 26 üzv ölkə tərəfindən dəstəklənən bəyanatda "təmkinli olmağa" çağırıb.

"Politico” vurğulayır: "Eyni zamanda, İspaniya AB-dən ayrılaraq beş Latın Amerikası ölkəsinə qoşulub və Vaşinqtonun Venesuelanın suverenliyinə hücumunu pisləyən daha qətiyyətli bəyanat yayıb. Onlar Trampın ölkənin neft yataqlarını ələ keçirmək vədinə qarşı çıxaraq, təbii sərvətlərin istismar edilməməsinə çağırıblar".

Eyni zamanda:

İtaliya hərbi əməliyyatları "təhlükəsizliyə qarşı hibrid hücumlarla bağlı qanuni addım" adlandıraraq daha müsbət rəy verib.
Slovakiya Baş naziri Robert Fico ABŞ-ın Venesuelaya müdaxiləsini "dünya düzəninin dağılmasının növbəti sübutu" adlandırıb.
Macarıstan Baş naziri isə "liberal dünya düzəninin dağıldığını" yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Venesuela diktatoru Nikolas Maduronun ələ keçirilməsindən sonra Qrenlandiyaya müdaxilə edə biləcəyinə dair eyhamlar vurduğu məlum olub. Vaşinqtonda Qrenlandiyanın Amerika güc əməliyyatlarının növbəti hədəfi ola biləcəyi bildirilir.

Buna cavab olaraq Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ı öz müttəfiqinə qarşı təhdidləri dayandırmağa çağırıb və adanın "satlıq olmadığını" vurğulayıb:

"ABŞ-ın guya Qrenlandiya üzərində nəzarəti ələ keçirməsinin zəruriliyi barədə danışmaq tamamilə mənasızdır. ABŞ-ın Danimarka Krallığının tərkibinə daxil olan üç ölkədən birini ilhaq etmək üçün heç bir əsası yoxdur", - deyə o qeyd edib.

Alpər
--> -->