Gündüz saatlarında baş verən ürək tutmaları gecə yaşananlarla müqayisədə ürəkdə daha ağır və qalıcı zədələr yaradır.
Qaynarinfo xəbər verir ki, elm dünyası uzun müddət bu fərqi stress hormonlarındakı dəyişikliklər və ya arterial təzyiqin dalğalanmaları ilə izah etməyə çalışsa da, yeni araşdırma əsas səbəbin orqanizmin müdafiə mexanizmi olduğunu göstərib.
"Journal of Experimental Medicine” jurnalında dərc olunan tədqiqatda qeyd olunur ki, immun sisteminin "ilk müdaxilə qüvvələri” sayılan neytrofillərin gün ərzində daha aqressiv davranması ürək toxumasında yaranan zədənin miqyasını böyüdür.
Tədqiqatçılar 2 mindən çox ürək tutması xəstəsinin klinik qeydlərini araşdırarkən diqqətçəkən mənzərə ilə qarşılaşıblar. Gündüz saatlarında xəstəxanaya müraciət edən xəstələrin qanında neytrofillərin sayı xeyli yüksək olub və bu şəxslərdə ürək toxumasındakı dağıntı daha geniş sahəni əhatə edib.
Laboratoriya şəraitində siçanlar üzərində aparılan təcrübələr də bu nəticələri təsdiqləyib. Müəyyən edilib ki, neytrofillər orqanizmin bioloji saatı, yəni sirkadiyen ritmlə uyğun hərəkət edir və gündüz saatlarında demək olar ki, "döyüş rejimi”nə keçir. Gecə saatlarında daha sakit olan bu hüceyrələr gündüz hər hansı zədələnmə hiss etdikdə yalnız problemli sahəyə deyil, ətrafdakı sağlam toxumalara da hücum edərək yaranı daha da dərinləşdirir.
Alimlər üçün əsas kəşf neytrofillərin bu aqressivliyini immun sistemini tam zəiflətmədən nəzarət altına almağın mümkün olduğunu görmələri olub. Araşdırma qrupu hüceyrələrin üzərində yerləşən CXCR4 adlı reseptora diqqət yetirib. Bu reseptor neytrofillərə "sakitləş” siqnalı verən bir mexanizm rolunu oynayır. Genetik müdaxilə ilə bu reseptorun səviyyəsi artırılan siçanlarda gündüz baş verən ürək tutmalarında belə zədənin əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib. Daha önəmlisi isə bu yanaşmanın orqanizmin infeksiyalarla mübarizə qabiliyyətini zəiflətməməsidir.
Hazırlanan bir dərman bu reseptoru aktivləşdirərək gündüz saatlarında aqressivləşən neytrofilləri gecəki daha sakit vəziyyətinə qaytarır. Dərmanla aparılan sınaqlarda ürək tutmasından həftələr sonra belə ürək funksiyalarının xeyli yaxşı qorunduğu müəyyən edilib. Bu metod təkcə ürək tutmalarında deyil, hüceyrələrin damarları tutduğu oraqvari hüceyrəli anemiya kimi xəstəliklərdə də qan axınını yaxşılaşdıraraq ümidverici nəticələr göstərib. Mütəxəssislər immun sistemi zəiflətmədən iltihabı söndürə bilən bu yanaşmanı immun terapiyanın "müqəddəs kasası” adlandırırlar.
Bununla belə, metodun insanlarda gündəlik müalicə kimi tətbiq edilməsi üçün hələ ehtiyatlı addımların atılması vacibdir. Dərmanın digər hüceyrə növlərinə təsiri və böhran anında hansı vaxt aralığında tətbiq edilməsinin daha effektiv olacağı kimi mühüm suallar gələcək insan üzərində aparılacaq klinik sınaqlarla aydınlaşdırılacaq.
Aydın
Şərhlər