Dilçilik və ad bilimi (onomastika) sahəsinin ən əhəmiyyətli beynəlxalq tədbirlərindən biri olan "4. Uluslararası Ad Bilimi Bilgi Şöleni” bu il Türk Dil Kurumu (TDK) tərəfindən Ankarada uğurla keçirildi. Tədbir 16–17 dekabr 2025-ci il tarixlərində Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumunun Bilkent ərazisində təşkil olunaraq dünyanın müxtəlif ölkələrindən dil və ad bilimi mütəxəssislərini bir araya gətirdi.
Bu nüfuzlu tədbirin açılış mərasimi "2025-ci il Türk dilinə xidmət mükafatlarının təqdimetmə mərasimi” ilə birlikdə baş tutmuşdur. Tədbirdə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Türk Dil Qurumunun sədri prof. dr. Osman Mert, sədr müavini dos. dr. Harun Şahin, Türk Tarix Qurumunun sədri prof. dr. Yüksel Özgen, Atatürk Mədəniyyət Mərkəzinin sədri dos. dr. Zeki Eraslan, Atatürk Araşdırma Mərkəzinin sədri prof. dr. Ahmet Kılınc, Yunus Emre İnstitutunun sədri prof. dr. Abdurrahman Aliy, Qazaxıstanın, Şimali Kipr Türk Cümhuriyyətinin, Azərbaycanın və Polşanın səfirlik ateşeləri, qurum sədr müavinləri, akademiklər, müəllimlər, tələbələr və çoxsaylı dəvətlilər iştirak etmişlər.
Mötəbər elmi görüşün əsas hədəfi ad bilimi sahəsində əməkdaşlığı gücləndirmək, adlandırma prosesinin müxtəlif aspektlərini təhlil etmək və ortaq terminologiya, metodologiya və araşdırma platformaları yaratmaq idi. Şölen eyni zamanda Türk dillərinin ad ənənələri və ümumi adlandırma mədəniyyəti kimi mövzuları da əhatə edərək, bu sahədə çalışan tədqiqatçıların fikir mübadiləsini təmin etdi.
Tədbirdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin əməkdaşları da uğurla təmsil olunmuşdur. Departamentin dosenti Zivar Hüseynli Baylan və filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlova şölən çərçivəsində elmi məruzələrlə çıxış etmişlər.
Doç. Dr. Zivar Hüseynli Baylan "Türkmənşəli feili antroponimlər: Səfəvilər tarixi mənbələrinin materialları əsasında”mövzusunda məruzə edərək, Səfəvilər dövrü tarixi mənbələrində yer alan feili antroponimləri türkmən etnik-mədəni mühiti kontekstində təhlil etmiş, bu adların tarixi-linqvistik xüsusiyyətlərini elmi əsaslarla şərh etmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlova isə "İrəvan xanlığı toponimlərinin türk dünyasında tarixi və linqvistik baxımdan yeri”mövzusunda çıxış edərək, İrəvan xanlığı ərazisində mövcud olmuş toponimlərin türk mənşəli olduğunu tarixi mənbələr və dil faktları əsasında ortaya qoymuş, bu toponimlərin türk dünyasının ortaq mədəni və dil yaddaşındakı yerini vurğulamışdır.
Xəzər Universiteti əməkdaşlarının məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanmış, elmi müzakirələrdə fəal şəkildə dəyərləndirilmişdir. Bu çıxışlar Azərbaycan onomastikasının beynəlxalq elmi platformada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmiş, bu sahəsində gələcək elmi əməkdaşlıqlar üçün geniş imkanlar yarandığı xüsusi qeyd olunmuşdur.
Eyni zamanda Xəzər Universitetinin əməkdaşları TDK-nın sədri prof. dr. Osman Mert ilə görüşmüş və qurum tərəfindən həyata keçirilən elmi, tədris və nəşr yönümlü layihələr haqqında ətraflı müzakirələr aparmışlar. Bu layihələrə Xəzər Universitetinin də qatılmasının mümkün və məqsədəuyğun olduğunu xüsusi qeyd edən prof.dr. Osman Mert bildirilmişdir ki, universitetlərarası əməkdaşlıq türk dilinin elmi əsaslarla öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda TDK-nın sədri Türk Dil Qurumunun nəşr etdiyi elmi vəsaitlərin və kitabların Xəzər Universitetinin kitabxanasına hədiyyə ediləcəyini bildirmişdir. Bu təşəbbüsün universitetin elmi-tədqiqat potensialının gücləndirilməsinə və tələbə,müəllim heyətinin dilçilik sahəsində mənbə imkanlarının artırılmasına mühüm töhfə verəcəyi vurğulanmışdır.
Şərhlər