Xəbər lenti

Ukrayna hərbi sənaye kompleksi ölkəni hərbi “monstr”a çevirir
Dünya 20:21 22.08.2025

Ukrayna hərbi sənaye kompleksi ölkəni hərbi “monstr”a çevirir

Ukrayna, dünyanın ən böyük və ən güclü qanadlı raketlərindən birinin istehsalına başlayıb.

Uzaqdan başlayaq.

ABŞ-ın (Bayden dövründə) Ukraynaya hərbi dəstək strategiyası təkcə silahların birbaşa verilməsi ilə məhdudlaşmırdı. Bu konsepsiyanın əsas elementlərindən biri Ukrayna hərbi sənayesinin tamamilə yeni, yüksək texnoloji mərhələyə qaldırılması və müasir silah istehsal potensialının yaradılması idi.
Bu məqsədlə 6-7 dekabr 2023-cü il tarixlərində Ağ Ev, ABŞ Ticarət Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Departamenti tərəfindən "U.S.-Ukraine Defense Industrial Base Conference" adlı mühüm tədbir təşkil olundu.

Bu konfransda ABŞ, Ukrayna və Avropadan təxminən 350 nümayəndə: müdafiə sənayesi rəhbərləri və hökumət rəsmiləri iştirak edirdi. Əsas məqsəd Ukraynanın hərbi sənaye kompleksini gücləndirmək, texnologiya transferini sürətləndirmək və birgə istehsal imkanlarını genişləndirmək idi.

Konfransın əsas nəticələri

1. Birgə istehsal və texniki məlumat mübadiləsi üzrə Anlaşma Memorandumu

ABŞ Müdafiə Nazirliyi, Ukrayna Müdafiə Nazirliyi və Ukraynanın Strateji Sənayelər Nazirliyi arasında imzalanıb. Bu memorandum, Ukrayna Silahlı Qüvvələrinin imkanlarını artırmaq üçün yerli hərbi istehsal, təmir və kritik texnologiyaların mübadiləsinin gücləndirilməsini hədəfləmişdi.

2. "Ukraine Deal Team"-Ukrayna Əlaqələndirmə Qrupu
ABŞ Dövlət Departamenti, Pentaqon və Ticarət Nazirliyi nümayəndələrindən ibarət xüsusi hökumətlərarası işçi qrupu yaradılıb.

Bu qrupun məqsədi Ukrayna və ABŞ şirkətləri arasında müdafiə sənayesi müqavilələrini sürətləndirmək və ixrac nəzarəti proseslərini sadələşdirmək idi.

3. MSI Embedded Advisor

Ukraynanın Strateji Sənayelər Nazirliyinə dəstək üçün xüsusi müşavir təyin olunub.

Müşavirin işi Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması, korrupsiya risklərinin azaldılması və xarici sərmayələrin cəlbi idi.

4. "FrankenSAM" layihəsi üzrə texniki məlumat paketi
ABŞ tərəfdaşları Ukraynaya köhnə HHM sistemlərinə Qərb raketlərinin inteqrasiyasını təmin edən "FrankenSAM" layihəsi üçün sənədlər təqdim ediblər. Bu, Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini sürətlə gücləndirirdi.
Bu konfransdan sonra ABŞ-ın rəhbərliyi ilə Ukrayna hərbi sənaye kompleksinə böyük həcmdə sərmayələr cəlb olunmağa, ən qabaqcıl texnologiyalar və mütəxəssislər gətirilməyə başlandı.

Bugünün əsas xəbəri

Associated Press "Fire Point" şirkətinin gizli istehsalat müəssisəsində olub və Ukraynanın yeni nəsil "FP-5 Flamingo" qanadlı raketini təqdim edib.

Texniki göstəricilər:

Uçuş məsafəsi - 3 000 km

Sürəti - 800 km/saat

Partlayıcı maddənin çəkisi - 1150 kq

Ümumi çəkisi - 6000 kq

İstehsal qiyməti - 300 min dollar

Bu, hazırda dünyada mövcud olan ən böyük və ən güclü qanadlı raketlərdən biridir.

Müqayisə üçün:

Tomahawk - 2 500 km məsafə, 450 kq partlayıcı maddə, qiyməti -1.5 milyon dollar

Storm Shadow - 560 km məsafə, 450 kq partlayıcı maddə
Taurus - 500 km məsafə, 480 kq partlayıcı maddə
Ukraynanın FP-5 raketi həm güc, həm məsafə, həm də istehsal xərclərinə görə rəqiblərindən ciddi şəkildə üstündür.

Bundan əlavə, Ukrayna hərbi sənaye kompleksi FP-1 dronlarının kütləvi istehsalına başlayıb. Bu dron bütün texniki parametrlərə görə İran istehsalı Shahed dronlarını geridə qoyur.

Ukrayna hərbi sənaye kompleksi cəmi bir neçə il ərzində tamamilə fərqli səviyyəyə qalxıb. Yeni nəsil raketlər və dronlar Ukrayna Silahlı Qüvvələrinin imkanlarını kəskin artıracaq və Rusiya ərazisinə dəqiq, uzaqmənzilli və dağıdıcı zərbələr endirməyə şərait yaradacaq.

Kamran Cəfərov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->