Xəbər lenti

Ukrayna ilə Polşa arasında
Dünya 16:50 21.06.2026

Ukrayna ilə Polşa arasında "şərəf müharibəsi" - Nə baş verir?

Ukrayna ilə Polşa arasındakı münasibətlər yeni diplomatik qalmaqalın mərkəzinə çevrilib. Buna səbəb Polşa prezidenti Karol Navrotskinin Ukrayna prezidenti Volodimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etməsi olub. Buna cavab olaraq Ukrayna rəsmiləri və keçmiş prezidentlər Polşanın mükafatlarından imtina etməyə başlayıblar.
 
Qaynarinfo xəbər verir ki, bunu "Euronews" yazıb. Nəşr prosesi iki ölkə arasında "şərəf müharibəsi" adlandırıb.

Ukrayna prezidenti mükafatı Polşaya qaytardığını bildirib və ordenin göndərilməyə hazır vəziyyətdə fotosunu sosial şəbəkədə paylaşıb.

"Biz hesab edirdik ki, 2023-cü ildə verilmiş "Ağ Qartal" ordeni Ukrayna xalqı və ordumuz üçün nəzərdə tutulub”, deyə Zelenski bildirib.

Eyni zamanda o vurğulayıb ki, Ukrayna genişmiqyaslı müharibənin başlanğıcından bəri Polşa cəmiyyətinin dəstəyinə görə minnətdardır.

Ukrayna rəsmiləri də Polşa mükafatlarından imtina edirlər. İlk olaraq xarici işlər naziri Andri Sibiqa Polşanın "Polşa Respublikasına xidmətə görə” ordeninin Komandor xaçı ilə ulduzundan imtina etdiyini açıqlayıb.

Onun ardınca Prezident Ofisinin rəhbəri Kirilo Budanov və Ukraynanın Polşadakı səfiri Vasil Bodnar da həmin ordenin Ofiser xaçlarını qaytardıqlarını bildiriblər.

Onlara Ukraynanın ikinci, üçüncü və beşinci prezidentləri – Leonid Kuçma, Viktor Yuşenko və Petro Poroşenko da qoşulublar.

Poroşenko bildirib ki, qərarı Polşa prezidentinin addımlarına cavab olaraq verib, lakin bu, Polşa xalqına qarşı yönəlməyib.

Yuşenko isə "Zelenski ilə həmrəyliyin və Ukrayna ordusunun dəstəklənməsinin göstəricisi” kimi mükafatını geri qaytardığını bildirib və Navrotskinin qərarını "məsuliyyətsiz” adlandırıb.

Münaqişənin səbəbi nədir?

Ölkələr arasında gərginlik 27 mayda Zelenskinin fərmanı ilə Ukrayna Silahlı Qüvvələrinin "Şimal” xüsusi əməliyyatlar bölməsinə "Ukrayna Üsyan Ordusunun (UPA) qəhrəmanları” fəxri adının verilməsindən sonra artıb.

Sənəddə bu qərarın "Ukrayna milli ordusunun tarixi ənənələrinin bərpası və bölmənin dövlətin ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında nümunəvi xidmətinə görə” qəbul edildiyi qeyd olunub.

Məhz UPA-nın bu şəkildə ehtiramla anılması Polşada II Dünya müharibəsi dövründə Volın hadisələri ilə bağlı tarixi mübahisələr səbəbindən kəskin reaksiya doğurub.

Polşa prezidentinin mövqeyi

Karol Navrotski qərarı "dərin təəssüf” hissi ilə qarşıladığını bildirib.

"Bu, xalqlar arasında münasibətləri qurmağın yolu deyil”, deyə o qeyd edib.

O həmçinin bildirib ki, UPA-nın qəhrəmanlaşdırılması Rusiya təbliğatı və dezinformasiyası üçün əlavə imkanlar yaradır. Buna baxmayaraq, Navrotski qərarın ukraynalılara qarşı yönəlmədiyini və Polşanın Ukraynaya dəstəyindən imtina etmədiyini vurğulayıb.

Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşava ilə Kiyev arasındakı gərginliyin yalnız Rusiyanın maraqlarına xidmət etdiyini bildirib. Baş nazir Donald Tusk da oxşar mövqe sərgiləyərək tərəfləri tarixi mübahisələrin strateji tərəfdaşlığı pozmasına imkan verməməyə çağırıb.

"Tarixin gələcəyimizi məhv etməsinə imkan vermək olmaz”,  deyə Tusk vurğulayıb.

Ukraynanın xarici işlər naziri Andri Sibiqa isə Polşa prezidentinin qərarını strateji səhv adlandırıb.

"Polşa xalqına Ukrayna ilə gərginliyin artmasına qarşı açıq mövqe sərgiləyən hər kəsə təşəkkür edirəm. Bizi mürəkkəb tarix, ortaq gələcək və Moskva adlı əbədi düşmən birləşdirir”, deyə o yazıb.

Rusiyanın reaksiyası

Diplomatik gərginlik fonunda Rusiya rəsmiləri Polşa prezidentinin qərarını müsbət qarşılayıblar. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib: "Polşa prezidenti nəhayət Zelenskini "Ağ Qartal" ordenindən məhrum edib”.

UNİAN-ın məlumatına görə, Polşa parlamentinin keçmiş deputatı Pyotr Foqler Ukrayna ilə həmrəylik əlaməti olaraq Polşa prezidentinə "Xidmətə görə Qızıl Xaç” ordenini geri qaytarıb.

O, paylaşımında Karol Navrotskinin qərarını "absurd” adlandırıb.

Aydın
--> -->