Dünya 17:06 05.01.2023

"Ukrayna ordusu Krım sərhədinə çatacaq, bu il qələbə ili olacaq” (ŞƏRH)

"2023-cü ildə Ukrayna-Rusiya müharibəsi daha da kəskinləşəcək. Yay aylarına qədər qanlı döyüşlər davam edəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ukrayna müharibəsində bu il nə kimi yeniliklərin ola biləcəyi sualına cavabında deyib. Politoloq bildirib ki, yaz aylarında Ukrayna ciddi əks-hücum əməliyyatına başlayacaq:

"Ukrayna Ordusu növbəti hücum əməliyyatlarına ciddi hazırlaşır. Qərbin Kiyevə ciddi hərbi dəstəyi fonunda yaz aylarında Ukrayna ciddi əks-hücum əməliyyatına başlayacaq. Rusiya ordusu bir neçə mərhələdən ibarət müəyyən müdafiə istehkamları yaradıb. Ona görə də cari ildə daha ciddi qarşıdurmanın şahidi olacağıq”.



Həmsöhbətimiz düşünür ki, əks-hücumla Ukrayna Ordusu yaz aylarında Krım sərhədinə çatacaq:

"Azov dənizinə nəzarəti də Kiyev öz nəzarəti altına alacaq. Melitopol Berdyanski kimi böyük şəhərlər də işğaldan azad ediləcək. Donbasda Lisiçansk, Severodonetsk, Kremenaya, hətta Donetsk şəhərinin özü də ruslardan azad olunacaq. Zaporojye vilayətində də Ukrayna bayrağı dalğalanacaq. Ardınca ultimativ şəkildə Rusiya Krımı qaytarmasa, yay aylarında bu ərazi uğrunda da mübarizə başlaya bilər”. 

N.Mirinin fikrincə, Krım məsələsi siyasi bazarlıq predmeti ola bilər:

"Bu məsələ tək Ukraynanın verəcəyi qərardan asılı olmayacaq. Ola bilsin ki, Vaşinqton Kiyevi Krım məsələsini siyasi danışıqlar predmetinə çevirməyə təhrik etsin. Bu, hər bir halda Rusiyanın davranışından asılı olacaq”. 

Rüfət Sultan