Xəbər lenti

Ukrayna-Rusiya danışıqlarında irəliləyiş iddiaları: Proses necə gedir?
Dünya 13:50 18.02.2026

Ukrayna-Rusiya danışıqlarında irəliləyiş iddiaları: Proses necə gedir?

"Bu sayaq açıqlamalar sadəcə siyasi ritorikadır, daha çox beynəlxalq və daxili auditoriyaya hesablanıb ki, guya Vaşinqton ciddi danışıqlara vasitəçilik edir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Ukrayna-Rusiya danışıqlarında əhəmiyyətli irəliləyişin əldə olunduğunu barədə bəyanatını şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, ABŞ adminstrasiyasının bəyanatları və onun danışıqlarda iştirak edən nümayəndələrinin açıqlamalarına diqqət yetərsək, son bir il ərzində Ukrayna ilə Rusiya arasında artıq bir neçə sülh sənədi imzalanmalı idi:

"Çünki bu əhəmiyyətli irəliləyişləri məsafə saymış olsaq, aralarındakı mövqe ayrılığı məsafəsi çoxdan birləşməli idi. Ancaq bunu görmürük. Ona görə də Stiv Uitkoff və digər Amerika rəsmilərinin bu sayaq açıqlamaları sadəcə beynəlxalq və daxili auditoriyaya hesablanmış açıqlamalardır. Bu bir diplomatik jestdir ki, guya ABŞ sadəcə diplomatik prosesi idarə etmir, hətta konkret siyasi nəticələr də əldə edə bilir. Amma fakt odur ki, ortada heç bir irəliləyiş yoxdur. Sülh sənədinin əsas prinsiplərində zərrə qədər də olsa, yaxınlaşma yoxdur. Ərazi məsələsində fikir ayrılıqları qalmaqda davam edir. Təhlükəsizlik zəmanəti məsələsində də ciddi boşluqlar var. Kiyevə zəmanəti verəcək ölkə ABŞ-dır. Ancaq o hərbi olaraq prosesdə birbaşa iştirakı mümkün saymır. Bu istiqamətdə müəyyən razılaşma və vədlər olsa da onlar sadəcə havadan ibarətdir. Rusiya hətta NATO ölkələrinin Ukraynaya təhlükəsizlik təminatı verməsini də mümkün hesab etmir".
 


Politoloqun fikrincə, irəliləyiş sözü yalnız müəyyən hərbi-texniki məsələlərdə nəzərdə tutula bilər:

"Bu sahədə müəyyən anlaşmaların olması mümkündür. Nəzəri olaraq qoşunların geri çəkilməsi, atəşkəsin təmin olunması, onun formaları kontekstində müxtəlif fikirlər səslənə bilər. Ancaq konkret siyasi razılaşma olmadan irəliləyişlərin olduğu barədə verilən bu sayaq açıqlamalar əslində heç nəyi ifadə etmir".

Müsahibimiz hesab edir ki, Rusiya tərəfindən danışıqlarda Medinskinin olması Kremlin əslində sülh prosesini pozmaq istəyinin göstəricisidir: 

"Rusiya tərəfindən danışıqlar prosesinə Putinin köməkçisi Medinski və xarici işlər nazirinin müavini Qaluzinin qoşulması da sülhlə bağlı perspektivdən xəbər vermir. Çünki adətən sülh prosesini pozmaq istəyəndə Rusiya tərəfindən medinskilər dövriyyəyə gəlir. ABŞ tərəfindən Rusiyanın sülh istədiyi açıqlamalarını eşitsək də, hələlik Moskva müharibəni bitirmək niyyətində deyil. Moskva keçmiş "vaqnerçilər"i Şərqi və Mərkəzi Avropaya göndərərək, onların hesabına həmin ölkələrdə təxribatlar törətmək və cəsus şəbəkələri yaratmağa hazırlaşırlar. Belədə, İtaliyada keçirilən Qış Olimpiya oyunları başa çatandan sonra, həmin ölkələrdə ard-arda hərbi təxribatların olması da istisna edilmir. Bu fonda da prosesdə heç bir irəliləyişdən söhbət gedə bilməz".

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında Cenevrə danışıqları fonunda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff prosesdə əhəmiyyətli irəliləyişin əldə olunduğunu bəyan edib. O, bu barədə "X" sosial media hesabında yazıb.

Onun sözlərinə görə, tərəflər liderlərini məlumatlandırmaq və mümkün razılaşma üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Rüfət Sultan
--> -->