İdman 14:02 15.12.2022

Ukraynada müharibə zamanı neçə idmançı ölüb? - Zelenski açıqladı

Rusiya - Ukrayna müharibəsi başlayandan bəri Ukraynada 184 idmançı həyatını itirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski teleqram sosial şəbəkəsində bildirib.  O açıqlamasında Rusiyanın hücumları nəticəsində 184 ukraynalı idmançının həlak olduğunu deyib.

Zelenski Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla telefon danışığı apardığını bildirib. Müharibə nəticəsində həyatını itirən ukraynalı idmançılar barədə Baxa məlumat verdiyini qeyd edən Zelenski, "Fevral ayından bu yana 184 ukraynalı idmançı Rusiyanın hərəkətləri nəticəsində həlak olub. Bundan əlavə, Rusiya idmandan təbliğat məqsədilə istifadə edir” - sözlərini söyləyib.

Ölkə prezidenti müharibə zamanı zədələnmiş idman infrastrukturlarının təmirini də müzakirə etdiklərini ictimaiyyətə çatdırıb.

Rusiyaya idman sahəsində məhdudiyyətlər qoyulması lazım olduğunu söyləyən Zelenski, "Terrorçu dövlətə ədalətli cavab onun beynəlxalq arenadan tam təcrid olunmasıdır. Bu, xüsusilə beynəlxalq idman tədbirləri üçün doğrudur" - deyə bildirib.

Səbuhi Həsənov