Ukrayna prezidenti Volodimir Zelenski Rusiyayla müharibənin dayandırılması barədə danışıqların bərpasını təklif edib. Bu, onun bu mövzuda irəli sürdüyü ilk təşəbbüs olub.
Qaynarinfo xəbər verir ki, "The New York Times”ın (NYT)
yazdığına görə, ABŞ prezidenti Donald Trampın Ukraynaya hava hücumundan müdafiə sistemləri (PVO) göndərməyə razılıq verməsi və Rusiyanın ticarət tərəfdaşlarına qarşı sanksiyalar tətbiq etməklə hədələməsi danışıqları sürətləndirmək üçün atılmış iki əsas addımdır.
NYT yazır ki, Zelenski atəşkəs, əsirlərin dəyişdirilməsi və Rusiyaya deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması barədə danışıqlar aparmağı təklif edib, eyni zamanda Vladimir Putinlə birbaşa görüş təklifini də təkrar edib.
Prezident bildirib ki, onun milli təhlükəsizlik üzrə müşaviri Rüstəm Umerov bu təklifi Rusiya tərəfinə çatdırıb. Lakin hələlik Kreml bu çağırışa rəsmi cavab verməyib.
"The New York Times” qeyd edir ki, Ukrayna hakimiyyəti Trampın vasitəçiliyi ilə danışıqlardan sürətli nəticə gözləmir. Çünki may ayında danışıqlar başladığı anda Rusiya raket və pilotsuz zərbələrini intensivləşdirmiş, həmçinin cəbhə boyunca hücumlara keçmişdi.
"Biz Ukrayna olaraq əlimizdən gələni etdik. Məqsədimiz ABŞ-a göstərmək idi ki, Putinə etibar etmək olmaz”, – deyə Ali Radanın deputatı Qalina Yançenko bildirib.
Bununla belə, NYT qeyd edir ki, Trampın Ukraynaya silah tədarükü və Rusiya əleyhinə sanksiyalarla bağlı bəyanatları müəyyən irəliləyişlərə səbəb olub. Hazırda Ukrayna Almaniyadan əlavə "Patriot” zenit raketlərinin ilk partiyasını gözləyir.
"PVO sistemlərinin uzunmüddətli tədarükü danışıqları sürətləndirə bilər: bu, Rusiyanın danışıqları Ukraynanın hava müdafiə imkanları tükənənə qədər təxirə salmaq motivini aradan qaldıracaq”, – deyə qəzet nəticə çıxarır.
Prezident Zelenski bildirib ki, Ukrayna Rusiya tərəfinə növbəti həftə nümayəndə heyətləri səviyyəsində yeni görüş keçirməyi təklif edib. O əlavə edib ki, əsirlərin dəyişdirilməsi ilə bağlı proses də davam edir.
"Hazırda komanda növbəti əsir mübadiləsi üzərində işləyir”, – deyə Zelenski vurğulayıb.
Bununla yanaşı, bu gün məlum olub ki, Ukrayna və Rusiya arasında növbəti danışıqlar 23-24 iyul tarixlərində İstanbulda baş tutacaq.
Alpər
Şərhlər