Aysel Əlizadə
Ölkə 21:43 09.12.2019

Uşaqlara işgəncə verən ata və analığı hansı cəza gözləyir?

Qanunda nə deyilir?

Dünya təcrübəsində necədi?

BMT-nin 20 noyabr 1989-cu ildə qəbul olunan Uşaq Hüquqları Konvensiyasında aydın göstərilir ki, valideynin əsas öhdəliyi uşağın psixi və fiziki sağlam böyüməsi üçün uyğun ortam yaratmaqdı. Uşağın iqtisadi, sosial, mədəni, dini, hətta siyasi hüququ var. Bu hüququn reallaşmasına şərait yaratmadıqda valideyn öz hüququndan məhrum edilə bilər.

Azərbaycan bu Konvensiyanı 1992-ci ildə ratifikasiya edib. 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna qoşulub. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin IV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Konstitusiyanın 17-ci maddəsində də uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcu kimi göstərilib. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir, etməlidi.

Azərbaycanda 1998-ci ildə Konvensiyasının müddəalarını əks etdirən "Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib.

Uşağa fiziki və psixi güc göstərmək qanunlara görə cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Zorakılıqla bağlı cinayət faktı üzə çıxarsa, valideyn təkcə hüququndan məhrum edilmir, onu həm də həbs gözləyir. 

Konvensiyaya qoşulan ölkələrin şərtlər üzrə mexanizmlər işləmək, hesabat vermək öhdəliyi var. Məsələn, Finlandiyada uşaq hüquqları qurumunun sosial işçisi şikayət ərizəsi verir. Ərizə üzrə araşdırma aparılır, sübutlar, dəlillər aşkarlandıqda valideyn hüququndan məhrum edilir.

Fakta görə məsuliyyət fərqi də var. Məsələn, İtaliyada övladını ticarət mərkəzində itirən ana saxlanılaraq Psixoloji Mərkəzə baş psixiatrla konsultasiyaya aparılıb. Hesab ediblər ki, uşağı qoyub geyimlərə baxan valideynin psixi problemi ola bilər.

Qərbdə zorakılıq üstündə dəlixanaya salınan valideyn də az deyil. Normal adam niyə uşağı döysün?

Norveç qanunlarına görə uşaq hüquqları birmənalı olaraq uşağın maraqlarına əsasən qorunur. Valideynin heç bir izahı yumşaldıcı rol oynamır. Uşaq üçün doğru olan nədirsə, ona da qərar verilir. Zorakı valideynlə yaşamaq birmənalı olaraq travmadı və uşağın bütün həyatına zərbədi. Valideynlik hüququnu itirmək heç kimi alimentdən azad etmir.

Hamımızın dəhşətlə izlədiyimiz son olaya gələk. Ata və analığın balacalara etdiyi zülmü göstərən şəkillər və babanın şahidlik çıxışı ortada bir cinayətin olduğunu sübut edən faktlardı.

 "Uşaq hüquqları haqqında" Qanuna görə uşaqları uyğun icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları qorumalıdı. Həmin qanuna görə valideynlərin və ya digər şəxslərin uşaqlarla amansız davranışı yolverilməzdi.

Bütünlükdə isə Cinayət Məcəlləsinin 133-cü maddəsində kimisə döymək, zorakı hərəkətlər etmək, güclü fiziki ağrı və ya psixi əzab vermək cinayət olaraq göstərilib. Əgər zorakılıq yetkinlik yaşına çatmayan, köməksiz insana qarşı olunubsa, qanunvericilikdə bu, ağırlaşdırıcı hal kimi qəbul edilir.
İki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən olunur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72.1-ci maddəsinə əsasən uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədədirsə, uyğun icra hakimiyyəti orqanının uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququ var. Məcəllənin 72.2-ci maddəsinə əsasən uşağı götürən qurum dərhal prokurora məlumat verməyə, uşağı hələlik harasa yerləşdirməyə borcludur.

Bu orqanlar, birliklər, təşkilatlar uşaq hüquqlarını prinsipial olaraq qorumalıdı. Qanunda belə deyilir. Deməli, işgəncə faktı aşkarlandıqda bu qurumlara üz tutmaq gərəkdi. Belə hadisə yaşadıqda, gördükdə yerli icra hakimiyyəti orqanına üz tutun.

İndiki hadisədə baba polisə üz tutduğunu söyləyir. Nədənsə hələ ki, tədbir görülməyib. Vəziyyət sosial şəbəkədə partlayışacan gəlib çatıb. Gec də olsa təcili nəticə şərtdi. İctimailəşmiş işgəncə faktına görə kiminsə şikayətini gözləməyə ehtiyac yoxdu. Fakta əsasən ata və analıq (himayədarlığı varsa) valideynlik hüququndan məhrum edilməli, cinayətə cəlb olunmalıdı.

Bütünlükdə isə ölkənin Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi var. Belə hallarda komitənin sosial işçilərinin (varsa) polis orqanlarına, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək birbaşa görəvidi. Nəinki görəvi bu cür hadisənin ictimaiyyəti silkələdiyi bir vaxtda Komitə təcili açıq müşavirə keçirib cəmiyyətə əldə etdiyi məlumatları verməli, narahatlığını bildirməlidi. Sivil dövlətlərdə məsələlər bu cür həll olunur. Ölkəsinə və dövlətinə,  vətəndaşına görə məsuliyyət hiss edən görəvlilər belə edir.

Aysel Əlizadə