Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək.
Milli Məclisin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin iyunun 8-də keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərdə bu məsələ öz əksini tapıb.
Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratmasına yol verilməyəcək. Eyni zamanda, hesab yaradılması zamanı istifadəçinin yaşının müəyyənləşdirilməsi və 16-18 yaş arası şəxslər üçün qanuni nümayəndənin razılığının alınması nəzərdə tutulur.
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan "Qadın və uşaqların təhsilinə dəstək" İctimai Birliyinin sədri Sevinc Fədai bildirib ki, son illərdə sosial şəbəkələrin uşaqların psixoloji və emosional inkişafına təsiri ilə bağlı narahatlıqlar həm mütəxəssislər, həm də valideynlər arasında ciddi şəkildə artıb. Birlik sədrinin sözlərinə görə, rəqəmsal texnologiyalar uşaqlara məlumat əldə etmək, ünsiyyət qurmaq və yaradıcılıqlarını ifadə etmək imkanı versə də, nəzarətsiz və həddindən artıq istifadə onların inkişafı üçün müəyyən risklər yaradır:
"Ən çox rast gəlinən problemlər sırasında özünəinamın azalması, depressiv əhval-ruhiyyə, təşviş pozuntuları, sosial müqayisə, kiberzorakılıq, diqqət dağınıqlığı və sosial asılılıq halları dayanır. Beynəlxalq araşdırmalar göstərir ki, sosial şəbəkələrdən intensiv istifadə edən uşaqlarda narahatlıq və depressiya əlamətləri daha çox müşahidə olunur. Eyni zamanda, idealizə edilmiş həyat tərzlərinin davamlı nümayişi uşaqlarda özlərini başqaları ilə müqayisə etmə meylini gücləndirir, bu isə özünüdəyər hissinə mənfi təsir göstərir".
Sevinc Fədai vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatları da problemli sosial media istifadəsinin son illərdə artdığını göstərir:
"Xüsusilə yeniyetmələr arasında sosial şəbəkələrdən istifadə üzərində nəzarətin itirilməsi, yuxu rejiminin pozulması, akademik nəticələrin zəifləməsi və emosional gərginlik hallarının artması müşahidə edilir".
Həmsöhbətimiz məsələyə yalnız təhlükə prizmasından yanaşmağın da düzgün olmadığını vurğulayıb. Bildirib ki, sosial şəbəkələr uşaqlara öyrənmək, yaradıcılıqlarını nümayiş etdirmək, həmyaşıdları ilə əlaqə saxlamaq və müəyyən hallarda sosial dəstək əldə etmək imkanı yaradır:
"Çünki bir çox yeniyetmə sosial platformaları özünüifadə və sosial əlaqələrin gücləndirilməsi vasitəsi kimi dəyərləndirir".
Ekspert hesab edir ki, 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrə məhdudiyyət tətbiqinin əsas məqsədi onların təhlükəsizliyini təmin etmək və yaşlarına uyğun olmayan məzmunlardan qorumaqdır:
"16 yaşadək uşaqlar üçün sosial şəbəkələrə məhdudiyyət tətbiqinə gəldikdə isə, bu təşəbbüsün əsas məqsədi uşaqların təhlükəsizliyini təmin etmək və onları yaşlarına uyğun olmayan məzmunlardan qorumaqdır. Mən hesab edirəm ki, belə məhdudiyyətlər müəyyən mənada qoruyucu təsir göstərə bilər. Xüsusilə erkən yaşlarda sosial şəbəkələrə çıxışın məhdudlaşdırılması uşaqların real sosial münasibətlərə, təhsilə, idmana və yaradıcılığa daha çox vaxt ayırmasına kömək edə bilər.
Lakin beynəlxalq təcrübəyə əsaslansaq, təkcə qadağa və ya yaş məhdudiyyəti problemin tam həlli deyil. Avstraliya kimi ölkələrdə tətbiq edilən məhdudiyyətlər müəyyən nəticələr versə də, bir çox yeniyetmənin texniki vasitələrlə bu qadağaları aşdığı da müşahidə olunur. Ekspertlər qeyd edirlər ki, uşaqların rəqəmsal mühitdən tam uzaqlaşdırılması deyil, onların təhlükəsiz və məsuliyyətli rəqəmsal vətəndaş kimi formalaşdırılması daha dayanıqlı yanaşmadır".
Sevinc Fədainin fikrincə, yaş məhdudiyyəti yalnız kompleks yanaşmanın bir hissəsi olmalıdır. Bununla yanaşı, valideyn nəzarətinin gücləndirilməsi, məktəblərdə rəqəmsal savadlılıq proqramlarının tətbiqi, uşaqların media təhlükəsizliyi barədə maarifləndirilməsi və platformaların uşaqların hüquqlarını daha ciddi qoruyan mexanizmlər yaratması vacibdir:
"Uşaqları qorumağın ən effektiv yolu onları rəqəmsal dünyadan təcrid etmək deyil, həmin dünyada təhlükəsiz hərəkət etməyi öyrətməkdir. Çünki gələcəyin vətəndaşı həm real, həm də rəqəmsal mühitdə öz hüquq və məsuliyyətlərini dərk etməlidir".
Günay İlqarqızı
Şərhlər