Xəbər lenti

Vəhşi quşlar sürətlə mutasiyaya uğrayır və şəhərləri koloniyalaşdırır
Dünya 23:33 29.12.2025

Vəhşi quşlar sürətlə mutasiyaya uğrayır və şəhərləri koloniyalaşdırır

Alimlər bildirirlər ki, adətən minlərlə, hətta milyonlarla il tələb edən təkamül dəyişiklikləri bəzi quş növlərində cəmi bir neçə onillik ərzində baş verib. Bu qənaət insan sivilizasiyasının vəhşi təbiətə artan təsiri fonunda aparılan yeni tədqiqatlara əsaslanır.

Qayanrinfo Earth.com-a istinadən xəbər verir ki, alimlər insanların vəhşi heyvanlara, xüsusilə də quşlara yem verməsinin onların davranışına və anatomiyasına təsirini getdikcə daha çox qeydə alırlar. Dünyanın bəzi regionlarında bu praktika geniş yayılıb və uzunmüddətli perspektivdə müəyyən növlərin həyat tərzini dəyişdirib.

Kaliforniya Universitetinin tədqiqatçıları Şimali Amerikada, xüsusilə Qərb sahillərində geniş yayılmış rubinbaşlı kalipta, yaxud Anna kolibrisi (Calypte anna) üzərində insanlarla daimi qonşuluğun təsirini araşdırıblar.

Araşdırmada qeyd olunur ki, regiondakı vəhşi heyvanların əksəriyyəti insan fəaliyyəti səbəbindən say baxımından azaldığı halda, Anna kolibrilərinin populyasiyası əksinə artıb və yayılma arealı genişlənib.

Son yüz il ərzində insanlar Anna kolibrilərinin yaşayış şəraitini əhəmiyyətli dərəcədə dəyişdiriblər. Bir tərəfdən, bölgədə yerli bitkilərin çiçəkləmədiyi dövrlərdə çiçək açan çoxlu sayda introduksiya olunmuş bitkilər yayılıb. Digər tərəfdən isə kolibrilərə yem vermək hobbisi geniş yayılıb və bir çox şəxsi həyətdə şəkərli su ilə doldurulmuş yemliklər quraşdırılıb. Bu da xüsusilə daha soyuq ərazilərdə quşlar üçün sabit qida mənbəyi yaradıb.

Bu dəyişikliklərin təsirini anlamaq üçün alimlər muzey kolleksiyalarında saxlanılan kolibri nümunələrini təhlil ediblər. XIX əsrin sonlarından XXI əsrin əvvəllərinə qədər toplanmış təxminən 400 dimdik nümunəsi araşdırılıb və bu məlumatlar yemliklərin və yad bitkilərin yayılma dinamikası ilə müqayisə edilib.

Nəticədə alimlər yemliklərin sayının artması ilə Anna kolibrilərinin çoxalması arasında birbaşa əlaqə ilə yanaşı, bu quşların dimdik formasında da tədrici dəyişikliklər aşkar ediblər. Dimdiklər daha uzun, daha konusvari və ucu daha dar formaya düşüb. Tədqiqat müəlliflərinin fikrincə, bu dəyişikliklər xüsusilə erkək fərdlərdə nəzərə çarpır və yemliklər ətrafında baş verən aqressiv qarşıdurmalarda onlara üstünlük verə bilər.

İlk baxışdan qida bolluğunun rəqabəti azaltmalı olduğu düşünülsə də, praktikada vəziyyət fərqlidir. Təbiətdə kolibrilər geniş ərazilərdəki çoxsaylı çiçəklərdən nektar toplayır və hər çiçək yalnız bir qurtum qida verir. Yemliklərdə isə bütün quşlar kiçik, lakin son dərəcə zəngin bir qida mənbəyinə toplaşır. Bu zaman qida kifayət etsə belə, yer məhdudluğu səbəbindən rəqabət yaranır. Belə şəraitdə dimdik formasındakı cüzi üstünlük belə qidalanma sürətinə və münaqişələrdə uğura təsir göstərə bilir.

Araşdırma həmçinin göstərib ki, daha soyuq enliklərdə dimdiklər qısalır. Alimlər bunu istilik itkisini azaltmaq ehtiyacı ilə izah edirlər, çünki dimdiklər termorequlyasiyada da rol oynayır.

Beləliklə, Kaliforniya Universitetinin komandasının araşdırması bir daha sübut edir ki, təkamül dəyişiklikləri yalnız minilliklər və ya milyon illər ərzində deyil, onilliklər içində də baş verə bilər. Tədqiqatın tam mətni "Global Change Biology” jurnalında dərc olunub.

Aydın

--> -->