Tailandın vəliəhd şahzadəsi Bajrakitiyabha 3 ildən artıq komada qaldıqdan sonra 47 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, məlumata görə, ürək problemi səbəbindən huşunu itirən şahzadə üçün krallıq qaydalarına uyğun dəfn mərasimi təşkil ediləcək.
Kral ailəsi ofisinin yazılı açıqlamasında bildirilir ki, 2022-ci ildə ürək ritm pozğunluğu səbəbilə huşunu itirən və o vaxtdan bəri müalicə olunan şahzadə həyatını itirib.
Açıqlamada qeyd olunur ki, 21 may tarixində bağırsaq iltihabına bağlı infeksiya səbəbilə onun səhhəti pisləşib, həmçinin aşağı təzyiq, nizamsız ürək ritmi və qanın laxtalanma pozuntuları ilə mübarizə aparıb.
Səhhəti getdikcə ağırlaşan şahzadə Bajrakitiyabha dünən yerli vaxtla saat 19:48-də 47 yaşında dünyasını dəyişib.
Şahzadə üçün kral ənənələrinə uyğun dəfn mərasiminin keçiriləcəyi, cənazəsinin isə paytaxt Banqkokdakı Böyük Saray Kompleksində yerləşən Piman Rattaya Taxt Salonuna aparılacağı açıqlanıb.
Tailand monarxiyasının önəmli simalarından biri idi
Tailand kralı Maha Vajiralonqkornun 7 övladından ən böyüyü olan Bajrakitiyabha 7 dekabr 1978-ci ildə kralın ilk həyat yoldaşı şahzadə Soamsavalidən dünyaya gəlib.
Şahzadə 2022-ci ilin dekabrında itlərini məşq etdirərkən huşunu itirib və həkimlər bunun ürək ritm pozğunluğu ilə bağlı olduğunu bildiriblər.
O vaxtdan bəri komada müalicə alan Bajrakitiyabha Tailand monarxiyasının ən mühüm fiqurlarından biri kimi tanınırdı.
Aydın
Şərhlər