Xəbər lenti

Vətən Tabutu (Şeir)
Sənət 15:05 25.03.2026

Vətən Tabutu (Şeir)

Bir şəklin içində...
Həyətdə uşaqların palçıq evində
​Günəş divarımızdan burulub getdi

Qapı arxasından qarışıq səslər gəldi:

–Sənin oğlun satqındır, Yaqut Ana

Küçələr evimizin dilindən
"Vətən anadır" sözünü soydular...

​Çiyinlərimi qapıdan çölə atdım,
Anamın əllərini ovuclarımda götürdüm.

Dəmir tabutun içində atamı,
Dümdüz olmuş barmaqlarından tanıdım.

Dəmir ağacının qırılmış budağı başını aşağı sallayırdı...
Bir ananın əlindən oğlunu alarkən, vətəni alarkən

Bircə Qulam kişinin canı yanırdı:

–Axı, bu, sənin doğmaca balandır, Yaqut ana!

İt sümüyü parçalayan kimi atamın ayaqqabıları 
qapımızı gəmirirdi.

Qulam kişi sərxoş dolanırdı tabutun başında.

Atamın tabutu...
o qədər ağır idi ki,
Elə bil bütöv vətəni qoymuşdular içinə.

Xiyaban qapısı üzümüzə bağlandı,
​hava bozardı yulğun ağacları kimi, yağış başladı,

Atamı kimsəsiz bir dərədə basdırdım.

Evə qayıtdım...

bir də heç vaxt,
Anama Vətən adını geri qaytara bilmədim.

Cavid Fərzəli
--> -->