Xəbər lenti

İdman 15:33 01.04.2024

Vidadi Rzayev: “İsgəndər Cavadov niyə bunları özü orada işləyəndə demirdi?”

Azərbaycanın məşhur veteran futbolçularıbndan olan İsgəndər Cavadovun "Səbail” - "Turan Tovuz” matçından sonra verdiyi müsahibə, AFFA-nı "yıxıb-sürüməsi” xeyli müzakirələrə səbəb oldu.
 
Azərbaycan futbolunun yerində saymasında, irəli gedə bilməməsində AFFA-nı günahlandıran Cavadovun dedikləri birmənalı qarşılamadı. Özünün də o "mətbəx”də olmasına baxmayaraq, ölkə futbolunun inkişafına heç də böyük töhfə verə bilməyən keçmiş futbolçunun sözləri haqlı olaraq bir çoxlarını qəzəbləndirib.

Azərbaycanın digər məşhur veteran futbolçusu Vidadi Rzayev Cavadovun sözlərinə və AFFA-nın onun dönəmindəki fəaliyyətinə münasibətini bildirib. O, Qaynarinfo-ya açıqlamasında bunları deyib:

"Ümumiyyətlə, onların işlərinə həmişə tənqidi yanaşmışam. Düzdür, İsgəndər Cavadov güclü futbolçu olub. Bunu deməliyəm. Məndən yaşda böyük olsa da, bir yerdə futbol oynamışıq. Cavadovun bir veteran kimi AFFA-da təmsil olunması yaxşı haldır. O, təxminən 20 ilə yaxın AFFA çalışdı. Mənə elə gəlir ki, indi dediklərini həmin dönəmlərdə danışsaydı, əlbəttə, mətbuat, futbol ictimaiyyəti də onu alqışlayardı. İşdən çıxandan sonra ay "Tores belə gəldi, mən belə dedim” kimi sözlər, arxadan atılan daşa bənzəyir. O olmasa da, yeni gələn rəhbərlikdə Yunis Hüseynov, Tərlan Əhmədov, Nazim Süleymanov kimi veteran futbolçuların təmsil olunmasını istəyərdim. Deyir ki, "bizə işləməyə imkan vermirlər”. Belədisə, niyə çıxıb bunu mətbuatda açıqlamırdı. Şəffaflıq lazımdır. Klublarda şəffaflıq olmalıdır. Beş yazıb bir verməsinlər. Bunların hamısının qarşısını ala bilərdilər. AFFA hansı qərar qəbul edirsə, əl qaldırıb ona razılığını bildirərək işləmək düzgün deyil. Tənqid lazımdır. Türkiyə ilə müqayisə aparaq, onlar çıxıb tənqid edirlər. Santosu "Beşiktaş”a gətiriblər. Komanda zəif çıxış edir deyə, onu tənqid edirlər. Tənqidlə inkişaf olur. AFFA-da isə hamısı əlini qaldırır. İndi bu sözləri demək məncə yersiz idi”.

Cavadov həm də Gəncə futbolunda kurator kimi fəaliyyət göstərirdi. Gəncəli veteran futbolçu onun dönəmində nə "Kəpəz”in, nə də ümumiyyətlə bölgə futbolunun fayda gördüyünü bildirib:

"Onun Gəncə futboluna faydasını hiss etmədim. İndi "Kəpəz”i elə bir insana tapşırıblar ki, futboldan anlayışı yoxdur. Mən gedib Ağırlıqqaldırma Federasiyasında işləyə bilərəm? Amma futbolda var. İndi yəqin ki, bunun qarşısını almaq üçün yeni rəhbərlik nəsə fikirləşər. Ağırlıqqaldıranla futbol olmaz axı. Yaxud mən gedib Güləş Federasiyasında çalışa bilərəm? Bu sualları vaxtilə lazım olan insanlara vermişəm, dediklərimi gülüşlə qarşılayırlar. Halbuki ağlamalıdır. Futbol mütəxəssisləri çöllərdə qalıb. Düz-əməlli, saf veteran futbolçu qalmayıb? İsgəndər müəllimin belə danışmağı yaxşıdır, gec də olsa etiraf edir. AFFA-nın əvvəlki rəhbərlərinin iç üzünü açıb ortaya qoydu. Ancaq müsahibəsinin sonunda deyib ki, futbolun bu günə düşməsində onun günahı yoxdur. Bəs kimin günahıdır, mənim? Günahın yoxdursa, çıxıb deyərdin ki, futbolumuzu pis günə qoyurlar. Ya da bacarmadığını etiraf edib, istafa verərdin. Çıxıb deyərdin ki, futbolun inkişafı bu yolla olmalıdır. Yoxsa orada oturub, maaş alıb, əl qaldırmaqla olmur. Deməli, orada elə-belə oturmuşdunuz da. Adlarını çəkməyim, bunların hamısını özlərinə də demişəm. Demişəm ki, belədirsə, məni Məşqçilər Komitəsinə aparın, hər şeyə əlimi qaldırım ki, razıyam”.

Mütəxəssis deyir ki, vaxtında uşaq futbolunu düşünsəydilər, dövlətin futbola ayırdığı pulları əcnəbilərə yedirtməsəydilər, inkişaf görə bilərdik: 
 

 
"Berti Foqts gələndən bu günə qədər, həmişə demişəm ki, bizə əcnəbi məşqçi lazım deyil. Foqts yaxşı məşqçidir, Almaniya millisini Avropa çempionu edib, bu cür ölkədən gəlib. Amma bizə yaramır. Həmin vaxt AFFA-da işləyən veteranlar dedilər ki, Vidadinin başı işləmir. Zaman göstərdi ki, mən düz demişəm. O, bir həftə Azərbaycanda, 2-3 ay gedib Almaniyada qalırdı. 10-15 milyon apardı, təpəsinə dəysin hamısı. Müsahibəmdə demişdim ki, ona konfet kağızı deyil, pul verilir. Verməyin, Azərbaycan xalqının pullarıdır. Onun əvəzinə yerli mütəxəssis gətirsəydilər, uşaq futbolunun inkişafını düşünsəydilər, daha faydalı olardı. İsgəndər deyir ki, "mənim günahım yoxdur”. Belə çıxır, günahkar bizik, ya da siz jurnalistlər. Sən nə vaxt jurnalistlərlə şəffaf rəftar edib, işindən qorxmadan sözünü dedin? Çıxardın, heç olmasa üstüörtülü şəkildə durumu anladardın. Neçə məşqçi gəlib-gedəndən sonra etiraf etdi? De Byazi gələndə deyirdilər ki, daha çox komandanın Premyer Liqada iştirakı üçün maliyyə azdır. Amma legioner məşqçilərə 4-5 milyon "tökürdülər”. Deməyim odur ki, futbolun bu günə düşməsində hamısının günahı var. Dövlət başçısı futbolun inkişafına o qədər pul ayırmışdı, hara getdi? O pulu nə etdiniz, hansı işləri gördünüz?”.

Rzayev Azərbaycanda futbolçulara həddindəbn çox pul verildiyini və bu səbəbdən heç kimin xaricə getmək istəmədiyini dedi:

"Gürcülərdən fərqli olaraq bizdə süni şəkildə maaşları artırırlar. Hansı ölkədə komanda udanda, uduzanda, heç-heçə edəndə belə mükafat alır? Harda görmüsünüz? Bura dəlixanadı, dəlidirlər, onların başları işləyir ya yox? Uduzan komandaya mükafat verərlər? Belə-belə gətirib futbolumuzu bu günə qoydular. Finlandiyaya uduzanda, gətirib futbolçulara 5-7 min dollar vermişdilər ki, "yaxşı oynadınız”. Hər şey burdan qaynaqlanır. Köhnə məşqçilərdən biri mənə zəng edib milliyə qayıtmaq istədiyini demişdi. Dedim, 45-46 yaşın var, dəlisən? Cavab verdi ki, gedib "troyka” kostyumla oynayacağam. Belə oynamağa nə var ki, udanda da mükafat verilir, uduzanda da. Legioner həyatı yaşamaq asan deyil, o pulu qazanmaq üçün alın təri tökməlisən, əziyyət çəkməlisən. Xaici ölkələrdə rəqabət böyükdür. Ancaq Azərbaycanda o pulu gəzə-gəzə qazanırlar. "Oksigen”i kəs, gör burada bir futbolçu taparsan? Hamısı xaricə getməyə can atacaq. Bütün bunları da AFFA-nın köhnə rəhbərliyi etdi. Rusiya, bir də hansısa komanda ilə heç-heçəyə görə, o vaxt səhv etmirəmsə, 150-200 min arası mükafat vermişdilər. Orada oturan veteran futbolçular niyə buna etiraz etmirlər? Demirəm, hamı məni tanımalıdır. Qapıda duranlar tanımaya bilər. Amma AFFA-ya gedirsən, yuxarıdakı otaqlarda oturanlar kim olduğunu bilmir, səni tanımır. Tanınmaq üçün gündəmdə olmalısan, videolar çəkməlisən. Bizim də əlimizdən nə bunlar, nə də yaltaqlıq gəlir. Bilirsiniz, futboldan anlayışı olmayanları hardasa başa düşmək mümkündür. Bunlar isə bağışlanası deyil. İsgəndərin keçmiş futbolçu kimi AFFA-da işləməsinə razıyam, amma bu şəkildə deyil. Onun müsahibəsindəki yekun sözü elə AFFA-da necə işlədiklərini ortaya qoyur. Bəs niyə orda oturmuşdunuz? "Kəpəz” göz qabağındadır, "yeyib” dağıdırlar. Kuratoru da İsgəndərdir. Onu nə üçün "Kəpəz”ə kurator təyin ediblər? Nə qədər demək olar ki, hazırkı rəhbərlik "Kəpəz”i pis günə qoyub. Mən sözümü həmişə, işləyəndə də, işdən çıxanda da demişəm. Əlimdən gələn futbol idi, ona da imkan vermədilər. Məni niyə işdən çıxardılar? Çünki bütün çatışmazlıqları açıq şəkildə deyirdim, özləri də təsdiqləyirdilər. İndi ağıllıya dəli, dəliyə də ağıllı deyirlər. Onların işləri başlarına dəysin”.

Keçmiş futbolçu yeni AFFA rəhbərliyinin də böyük məsuliyyət altına girəcəyini deyib:

"Yeni rəhbərlik sanki bataqlığa gəlir. İndi onlar futbolumuzu bu bataqlıqdan çıxarmalıdır. Onlara uğurlar arzulayıram, görək iş fəaliyyətləri neçə olacaq. Onları o qədər iş gözləyir ki… Ümid edirəm, əvvəlki səhvləri təkrar etməyəcəklər. Yeni tərkibdə futbol adamlarından Qurban Qurbanovla Səməd Qurbanov da var. İsgəndər deyirdi ki, sözləri keçmir. Görək xüsusən də məşqçi seçimində nə edəcəklər? Sayılan yerdə oturarlar. Əks halda qapını təpiklə bağlayıb getmək lazımdır. Hər başlanğıcın bir sonu var”.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?