Xəbər lenti

Dünya 14:00 25.12.2023

"WSJ yalan yazıb, ABŞ hərbi əməliyyatlar keçirməyimizə mane olmayıb" - Netanyahu

Bazar günü, dekabrın 24-də İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İsrailin hərbi qərarlarına müdaxiləsi ilə bağlı "The Wall Street Journal"da dərc olunan məlumatları təkzib edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Jerusalem Post” məlumat yayıb.

WSJ-nin materialında deyilirdi ki, İsrail Livanın "Hizbullah” qruplaşmasının 7 oktyabrda HƏMAS hücumu kimi İsrailə qarşı 11 oktyabr hücumu həyata keçirmək niyyətində olduğuna dair kəşfiyyat məlumatlarına malik olub. Məqaləyə görə, ABŞ prezidenti Co Bayden Netanyahuya zəng edərək ondan əməliyyatı dayandırmasını xahiş edəndə İsrail qabaqlayıcı zərbə endirmək üzrə idi və iddiaya görə artıq təyyarələri havaya qarışdırmışdı.

"Mən ABŞ-ın müdaxilə etdiyi və bölgədə əməliyyat fəaliyyətimizi həyata keçirməyimizə mane olduğu barədə yalan xəbərlər görmüşəm. Bu doğru deyil. İsrail suveren dövlətdir", deyə Netanyahu bildirib.

O, əmin edib ki, İsrailin hərbi qərarları onun öz əməliyyat mülahizələrinə əsaslanır və xarici təzyiqlə diktə olunmur.

"Qüvvələrimizdən necə istifadə ediləcəyi ilə bağlı qərar İsrail ordusunun müstəqil qərarıdır, başqa heç kimin deyil", deyə baş nazir bildirib.

"The Jerusalem Post" əlavə edir ki, WSJ-nin məqaləsi müharibənin ilk günlərində İsrailin müdafiə naziri Yoav Qallant və Netanyahu arasında artıq məlum olan fikir ayrılıqlarına uyğundur: Qallant "Hizbullah”a qarşı qabaqlayıcı zərbəni dəstəkləyib, Netanyahu isə buna qarşı çıxıb.

Netanyahu lap əvvəldən açıq şəkildə bildirib ki, iki cəbhədə müharibə İsrailin maraqlarına uyğun deyil, amma lazım gələrsə, şübhəsiz ki, bunu edəcək.

Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra Livan-İsrail sərhədində İsrail və "Hizbullah” arasında vəziyyət gərginləşib.

Noyabrın 20-də Qallant bildirib ki, İranın dəstəklədiyi Livanın "Hizbullah” təşkilatı müharibə başlayandan bəri İsrail hədəflərinə 1000-dən çox zərbə endirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->