Xankəndi şəhərində Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin inzibati binasının tikintisi 4 635 027,87 manata başa gələcək.
Qaynarinfo xəbər verir ki, Əsaslı Tikinti-Planlaşdırma Mərkəzi bununla bağlı tenderə yekun vurub. Tenderin qalibi "Archico” MMC seçilib. Şirkətin qiymət təklifi yuxarıda qeyd etdiyimiz məbləğ olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Archico” MMC 16 dekabr 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 14 A-da yerləşən şirkətin qanuni təmsilçisi Musayev Cavad Musa oğludur. O, şirkətin icraçı direktorudur.
"Archico” MMC ilə eyni hüquqi ünvanda başqa bir şirkət də yerləşir. Bu, "Archico Engineering Company” MMC-dir.
Şirkətin qanuni təmsilçisi Musayeva Zəminə Ağasalam qızıdır.
Mediada gedən məlumatlarda isə qeyd edilir ki, "Archico Engeering Company” MMC-nin direktoru Məhəmməd Musayevdir. O, Cavad Musayevdən əvvəl "Archico” MMC-nin qanuni təmsilçisi olub. Hazırda şirkətin Müşahidə Şurasının sədridir.
İstər Məhəmməd Musayev, istərsə də Cavid Musayev haqqında açıq mənbələrdə məlumatlar məhduddur.
"Archico” MMC ötən il şirkətin Nazim Bağırov adlı fəhləsinin ölümü ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb. Həmçinin qeyd edilirdi ki, bu, "Archico” MMC-də işçilərin ölümü ilə nəticələnən ilk hadisə deyil. Bundan əvvəl də şirkətin əməkdaşı Ceyhun Paşayev Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Seyid
Şərhlər