Xəbər lenti

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...
Dünya 11:47 12.07.2026

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily" nəşri yazıb.

Lakin Titanın əsas fərqi ondan ibarətdir ki, burada suyun rolunu maye metan və etan oynayır. Bu maddələr buxarlanır, buludlar əmələ gətirir, yağış şəklində yağıntıya çevrilir, çay və gölləri qidalandırır, daha sonra isə yenidən buxarlanır.

Peykin səthi isə adi süxurlardan ibarət deyil. Təxminən mənfi 179 dərəcə Selsi temperaturunda su buzu o qədər sərtləşir ki, möhkəmliyinə görə qraniti xatırladır. Məhz bu buzdan ibarət "daş" üzərində metan çayları axaraq zamanla öz yataqlarını formalaşdırır.

Alimlər bunu necə müəyyən ediblər?

Titan haqqında əsas məlumatlar beynəlxalq "Cassini-Huygens" missiyası sayəsində əldə olunub. Peykin sıx atmosferi səthi birbaşa müşahidə etməyə imkan vermədiyindən, "Cassini" aparatı 10 ildən çox müddətdə radar vasitəsilə Titanın səthini tədqiq edib.

Ən mühüm nailiyyət isə 2005-ci ilin yanvarında "Huygens" eniş aparatının Titanın səthinə enməsi olub. Enmə zamanı aparat çoxsaylı çay vadilərinin şəkillərini çəkib, səthə çatdıqdan sonra isə uzun müddət maye axını ilə cilalanmış kimi görünən, yumrulaşmış su buzundan ibarət parçalarla örtülü ərazinin görüntülərini Yerə göndərib. Alimlər hesab edirlər ki, aparat qədim bir çayın qurumuş yatağına enib.

Xəzər dənizindən böyük dənizlər

Titanın dənizlərinin əksəriyyəti peykin şimal qütbü yaxınlığında yerləşir. Onların ən böyüyü olan Kraken Mare sahəsinə görə Yerdəki Xəzər dənizini üstələyir və alimlərin hesablamalarına görə, bəzi yerlərdə dərinliyi bir neçə yüz metrə çatır.

İkinci böyük dəniz olan Ligeia Mare əsasən maye metanla doludur, Kraken Maredə isə etanın miqdarı daha çoxdur. Hər iki dəniz çoxsaylı çaylarla qidalanır və bu çaylar Yerdə olduğu kimi dənizlərə tökülür.

Titan niyə Yenə bənzəmir?

Landşaftların heyrətamiz oxşarlığına baxmayaraq, Titanın şəraiti tamamilə fərqlidir.

Peykin atmosferi əsasən azotdan ibarətdir, lakin Yer atmosferindən xeyli sıxdır. Burada cazibə qüvvəsi də Yerin cazibəsinin təxminən yeddidə biri qədərdir. Buna görə metan yağışının damcıları daha iri olur və Yerə nisbətən daha yavaş düşür.

Bundan başqa, Saturn orbitində Günəş işığı çox zəif olduğundan hava prosesləri də Yerə nisbətən daha ləng baş verir. Yağıntılar nadir hallarda müşahidə edilir və əsasən güclü, lakin seyrək leysanlar şəklində olur.

Tədqiqatçıların sözlərinə görə, Titanı maraqlı edən cəhət onun "ikinci Yer" olması deyil. Əsas məqam odur ki, eyni fiziki proseslər, hətta su əvəzinə maye metan çaylarının axdığı dünyalarda belə, oxşar landşaftlar formalaşdıra bilir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->