XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xoruldama, metro və gizli reklamlar: Çində arıqlama dərmanları uğrunda savaş
Dünya16:09 24.08.2026

Xoruldama, metro və gizli reklamlar: Çində arıqlama dərmanları uğrunda savaş

Çində arıqlama dərmanları istehsalçıları istehlakçıların çəkisini azaltmaq uğrunda rəqabəti gücləndirir. Ölkədə reseptlə satılan dərmanların birbaşa reklamına məhdudiyyət qoyulduğundan şirkətlər piylənmə barədə maarifləndirici kampaniyaları metro stansiyalarında, idman zallarında və futbol stadionlarında həyata keçirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Çinin Milli Səhiyyə Komissiyasının məlumatına görə, ölkədə artıq çəkidən əziyyət çəkən və ya piylənməsi olan insanların payı 2030-cu ilədək 65 faizdən çox ola bilər.

“Novo Nordisk”, “Eli Lilly”, “Pfizer” və yerli “Innovent Biologics” şirkətləri Çində həftədə bir dəfə tətbiq olunan GLP-1 əsaslı arıqlama inyeksiyalarının müxtəlif versiyaları ilə bazar payı uğrunda mübarizə aparır. “Jefferies” şirkətinin məlumatına görə, ikinci rübdə “Lilly”nin həftəlik GLP-1 preparatları “Alibaba”nın “Tmall” platforması və “JD.com” üzərindən satışlarda lider olub.

Çin dərman şirkətlərinə reseptlə satılan preparatları birbaşa istehlakçılara reklam etməyə icazə vermir. Şirkətlər ictimaiyyətə konkret xəstəliklərin riskləri barədə məlumat verə və insanlara həkimə müraciət etməyi tövsiyə edə bilərlər. Bu cür kampaniyalarda məhsulların adları çəkilə bilməz, lakin mesajlar insanları tibbi yardım axtarmağa dolayı yolla təşviq edə bilər.

Şanxayın mərkəzi Cinqan rayonundakı metro stansiyalarından birində bu yaxınlarda “Lilly”nin loqosu olan reklam bannerində belə yazılıb: “Atanın xoruldamasına diqqət yetirməyi unutmayın və vaxtında tənəffüs şöbəsinə və ya yuxu mərkəzinə müraciət edin”. Xoruldama artıq çəki ilə güclü əlaqəsi olan yuxu apnesinin geniş yayılmış əlamətidir. “Lilly”nin “Mounjaro” preparatının klinik sınaqlarda bu vəziyyəti yüngülləşdirdiyi göstərilib.

Ötən ay eyni stansiyanın divarında “Innovent” və elektron ticarət nəhəngi “Meituan” tərəfindən yerləşdirilən reklamda “elmi çəki idarəçiliyi”nin qaraciyərin piylənməsini geri qaytara biləcəyi bildirilib. İyul ayında Suçjouda keçirilən futbol matçı zamanı stadiondakı başqa bir reklamda isə “Innovent Biologics – heyrətamiz arıqlama!” ifadəsi dəfələrlə nümayiş etdirilib. Bu görüntülər “Weibo” sosial şəbəkəsində yayımlanan canlı yayımda əks olunub.

“Supermonkey” idman zalları şəbəkəsi “Xiaohongshu” sosial platformasında “Pfizer” ilə əməkdaşlıq çərçivəsində iyun və iyul aylarında “sağlam arıqlama partisi” təşkil edəcəyini açıqlayıb. Belə tədbirlərdən birində “Pfizer” əməkdaşı Şanxayda iştirakçılara şirkətin onların uzunmüddətli və sağlam həyat tərzi formalaşdırmasına kömək etmək istədiyini bildirib. Daha sonra məşqçi iştirakçılar üçün ağırlıq qaldırma məşqi keçirib. Əczaçılıq şirkətinin “Xiaohongshu”da paylaşdığı və sonradan silinən görüntülərdə bunlar əks olunub.

Sooçjou Universitetinin elm kommunikasiyası professoru Szyya Hepeng bildirib ki, əczaçılıq şirkətlərinin kommunikasiya fəaliyyətləri digər dərmanlarla bağlı kampaniyalardan xeyli kənara çıxır.

“Hipertoniya, şiş xəstəlikləri və digər xəstəliklər üçün reseptlə satılan dərmanların ictimai yerlərdə və ya hətta dolayı reklam vasitəsilə təbliğ edildiyini çox nadir hallarda görürəm”, – professor deyib.

Şanxay və Quançjoudakı xəstəxanalarda çalışan əməkdaşların sözlərinə görə, sosial şəbəkələrdəki təbliğat, eləcə də dost və ailə üzvlərinin tövsiyələri bəzi pasiyentləri konkret arıqlama dərmanlarını adı ilə tələb etməyə vadar edib.

Şanxay İctimai Səhiyyə Klinik Mərkəzinin endokrinoloqu Çjao Syaolun bildirib ki, əvvəlcə pasiyentlər “Novo”nun semaqlutid preparatını, yəni “Wegovy”ni istəyirdilər. Son vaxtlar isə “Lilly”nin tirzepatid əsaslı “Mounjaro” preparatına və “Innovent”in mazdu­tid, yəni “Xinermei” dərmanına tələblər daha çox səslənir.

“Novo” Çində çəki idarəçiliyi üçün həftədə bir dəfə tətbiq olunan ilk GLP-1 preparatını 2024-cü ilin sonunda bazara çıxarıb. “Lilly” və “Innovent” müvafiq olaraq 2025-ci ilin yanvar və iyul aylarında bazara daxil olub. “Pfizer”in “Xianweiying” preparatı üzrə ilk reseptlər isə apreldə verilib.

“J.P. Morgan”ın Çində səhiyyə araşdırmaları üzrə rəhbəri Yanq Huangın sözlərinə görə, çəki idarəçiliyi üçün GLP-1 preparatlarının satışları qarşıdakı beş-yeddi ildə 30 milyard yuana (4 milyard dollar) çata bilər. Hazırda bu göstəricinin 3-4 milyard yuan olduğu təxmin edilir.

“Novo”nun rəhbəri Tsay Yan mart ayında şirkətin Böyük Çin regionu üzrə prezidenti vəzifəsinə keçib. O, qısa müddət sonra Çindəki həkimlərdən şirkətin kommunikasiya fəaliyyətinin rəqiblərlə müqayisədə zəif olduğu barədə fikirlər eşidib. Tsayın sözlərinə görə, bəzi rəqiblər dərmanların faydaları barədə daha birbaşa danışaraq daha cəsarətli kommunikasiya strategiyası yürüdürlər.

“Mən əsas diqqətimi nə etməli olduğumuza və düzgün olanın nə olduğuna yönəldirəm. Rəqiblərdən öyrənə biləcəyimiz məqamlar var. Əgər rəqibin ictimaiyyətlə ünsiyyətdə, tibbi məlumatları sadə dillə çatdırmaqda daha yaxşı olduğunu görürsünüzsə, o zaman ünsiyyət tərzimizi dəyişməliyik”, – o deyib.

Tsay bildirib ki, “Novo” artıq yalnız xəstəxanalardakı həkimlərə yönəlmək əvəzinə müxtəlif media vasitəsilə pasiyentlərə piylənmə barədə məlumat çatdırmağa çalışır. Şirkət ictimaiyyət üçün hazırladığı materiallarda daha anlaşıqlı dildən istifadə etməyi hədəfləyir.

Ötən ay “Novo” və dövlət televiziyası “CCTV” Pekində küçədə sağlamlıq sərgisi təşkil edib. “WeChat” platformasında yayımlanan məlumata görə, tədbirdə qrup rəqsləri də keçirilib. Sərgidə nümayiş etdirilən mətndə bəzi GLP-1 preparatlarının çoxsaylı genişmiqyaslı klinik tədqiqatlarda effektivliyinin təsdiqləndiyi bildirilib.

Tibbi və hüquq ekspertləri hesab edirlər ki, bəzi çəki idarəçiliyi kampaniyaları dərman reklamı ilə bağlı qadağaların sərhədini aşa bilər.

Pekindəki “DeHeng Law Offices” hüquq şirkətinin tərəfdaşı Çen Çjenqanq bildirib ki, məsələn, “Innovent” və “Meituan”ın metro reklamları istehlakçılarda konkret reseptlə satılan arıqlama preparatı ilə assosiasiya yarada bilər.

Reklamlarda “Innovent”in “Xinermei” və ya mazdu­tid preparatlarının adı birbaşa göstərilməyib. Lakin orada şirkətin məhsul adına bənzəyən “Madudu” adlı maskotdan istifadə olunub.

“Bir tərəfdən, onlar, şübhəsiz ki, qaydalara riayət etməyə çalışırlar... Digər tərəfdən isə ortada dərman var və siz onu satmaq istəyirsiniz”, – “J.P. Morgan” analitiki Huang piylənmə ilə bağlı maarifləndirici və təhsil proqramlarını nəzərdə tutaraq deyib.

Bu ilin əvvəlində “Lilly” Hindistanda piylənmə ilə bağlı yerli maarifləndirmə kampaniyasını dayandırıb. Ölkənin dərman tənzimləyicisi şirkətin kampaniyasının “Mounjaro”nun Hindistanda bazara çıxarılması ilə eyni vaxta təsadüf etdiyini və bunun dərmanın istehlakçılara təbliğinə səbəb ola biləcəyini bildirmişdi.

“Lilly” isə açıqlamasında bildirib ki, şirkətin maarifləndirici fəaliyyətləri hər hansı konkret dərmanı təbliğ etmir və Çinin səhiyyə strategiyalarına “uyğundur”.

“Pfizer”, “Innovent”, “Meituan” və Çinin bazar tənzimləyicisi şərh üçün göndərilən sorğulara cavab verməyib və ya şərh verməkdən imtina edib.

Aydın