Tesla Çində fövqəladə vəziyyət zamanı sərnişinlərin avtomobildən çıxmasına mane ola biləcək daxili qapı tutacaqları ilə bağlı problem səbəbindən təxminən 3 milyon avtomobili geri çağırır.
Qaynarinfo “Haberler”ə istinadən xəbər verir ki, Çinin Milli Bazar Nəzarəti İdarəsi (SAMR) səkkiz Çin avtomobil istehsalçısının da oxşar təhlükəsizlik riski ilə bağlı geri çağırma müraciəti etdiyini açıqlayıb.
Tesla-nın geri çağırışı Şanxaydakı zavodda istehsal olunan 2,9 milyon “Model 3” və “Model Y” avtomobilini əhatə edir. Bundan başqa, 46 min idxal edilmiş “Model 3”, “Model X” və “Model S” də geri çağırılacaq.
Geri çağırılan avtomobillərdəki daxili fövqəladə qapı tutacaqlarının salonla eyni rəngdə olması onları çətin görünən hala gətirir. SAMR bildirir ki, güclü toqquşma zamanı aşağı gərginlik sistemi sıradan çıxarsa, bu tutacaqlar sərnişinlərin qapını açmasına imkan verməyə bilər.
Tesla həmçinin sürücüyə yardım sistemləri zamanı nəzarət mexanizmləri ilə bağlı problemlərə görə 2,7 milyon “Model 3” və “Model Y” avtomobilini geri çağırır.
Çinin “Xiaomi”, “XPeng”, “Geely”, “Chery” və “Leapmotor” şirkətləri də oxşar qapı tutacağı problemlərinə görə avtomobillərini geri çağırır. “Xiaomi” 390 min, “XPeng” isə 265 min avtomobillə bağlı geri çağırma başladıb.
“BAIC” şirkətinin törəmə müəssisəsi “BAIC BluePark” da fövqəladə vəziyyət mexanizmi ilə bağlı xəbərdarlığın olmaması səbəbindən 46 min “Arcfox Kaola EV” avtomobilini geri çağırır.
Şirkətlər problemin aradan qaldırılması üçün bəzi avtomobillərdə qapı tutacaqlarının yanına pulsuz xəbərdarlıq etiketləri yerləşdirməyi, qəza zamanı şüşələrin endirilməsi ilə bağlı proqram təminatını isə uzaqdan yeniləməyi təklif edirlər.
Məlumata görə, Çində müasir və aerodinamik dizayna malik avtomobillərin qəza zamanı funksionallığını itirməsi ilə bağlı təhlükəsizlik narahatlıqları artır.
Bu kütləvi geri çağırmalar Çinin 2027-ci ildən gizli qapı tutacaqlarını qadağan etmək planı ilə də uyğun gəlir. Yeni qaydalara əsasən, avtomobillərin qapılarında həm daxili, həm də xarici mexaniki açma mexanizmi olmalıdır.
Elektron qapı tutacaqları “Tesla”nın 2012-ci ildə təqdim etdiyi “Model S”dən sonra avtomobillərdə geniş yayılıb. Bu sistemlər avtomobillərə daha müasir görünüş və aerodinamik üstünlük versə də, fövqəladə vəziyyətlərdə təhlükəsizliklə bağlı risklər yarada bilər.
Günay
Şərhlər