Turizm mövsümünün ən sıx dövründə uçuşların sayının kəskin artması Yunanıstanın hava hərəkətinə nəzarət sisteminin imkanlarını ciddi şəkildə sınağa çəkir.
Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, Yunanıstan Mülki Aviasiya İdarəsinin məlumatında qeyd olunub ki, uçuşların az olduğu mövsümdə ölkə hava limanlarında gün ərzində adətən 1000-1500 uçuş həyata keçirilir. Lakin iyulun ilk həftəsində bu göstərici orta hesabla gündə 2700 uçuşa çatıb.
Hava naviqasiyasının təhlükəsizliyi üzrə qurum olan “Eurocontrol”a görə, Yunanıstanın hava məkanının da daxil olduğu Cənub-Şərqi Avropada hava nəqliyyatının ümumi həcmi 2019-cu ildən bəri təxminən 40 faiz artıb.
Yunanıstan Hava Hərəkətinə Nəzarətçilər Assosiasiyasının sədr müavini Olqa Toki vəziyyəti belə ifadə edib: “Göyə baxın, inanılmazdır, daha çox təyyarə üçün yer qalmayıb!”
Uçuşların sayındakı artım əhalisi təxminən 10 milyon olan Yunanıstanda turizm axınının nə qədər böyüdüyünü də göstərir. Ötən il ölkəyə gələn turistlərin sayı COVID-19 pandemiyasından əvvəlki 2019-cu ilin rekord göstəricisini 23 faiz üstələyərək 38 milyona çatıb.
Yay mövsümü başlamazdan əvvəl də hava nəqliyyatı sistemində ciddi problemlər yaşanıb. Yanvarın 4-də hava hərəkətinə nəzarətçilərlə təyyarələr arasında əlaqəni təmin edən rabitə sistemində yaranan nasazlıq sistemin zəif tərəflərini üzə çıxarıb. Nəzarətçilər təyyarələri radar ekranlarında görə bilsələr də, pilotlarla danışa və onları eşidə bilməyiblər.
Bundan sonra Yunanıstanın hava məkanı bir neçə saatlıq bağlanıb. Bu isə çoxsaylı reyslərin ləğvinə və təyyarələrin qonşu ölkələrə yönləndirilməsinə səbəb olub.
Bənzər problemlərin təkrarlanmaması üçün təxminən 300 milyon avro dəyərində yenilənmə proqramı hazırlanıb. Layihə çərçivəsində yeni rəqəmsal rabitə sistemlərinin quraşdırılması və köhnəlmiş radarların dəyişdirilməsi nəzərdə tutulur. İşlərə avqustun ortalarında başlanılıb və layihənin 2028-ci ilə qədər başa çatdırılması gözlənilir.
Yunanıstanda hava hərəkətinə nəzarətçilərin çatışmazlığı da ciddi problem olaraq qalır. Növbə rəisi Giorgos Stamoulakatos bildirib ki, xüsusilə yay aylarında işçi qüvvəsi kifayət etmir.
Onun sözlərinə görə, hazırda ölkədə 154 hava hərəkətinə nəzarətçi çalışır, lakin əlavə olaraq 250 nəfərə ehtiyac ola bilər. 2025-ci ildə 92, 2026-cı ildə isə 77 yeni nəzarətçi işə qəbul edilib. Lakin yeni əməkdaşların tam hazırlığı üçün beş ilədək təlim tələb olunur.
30 ildən artıqdır hava hərəkətinə nəzarətçi işləyən Areti Anastopoulou isə uçuşların sıxlığının gecikmələrə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, normal şəraitdə bir saat ərzində təxminən 20 pilotla əlaqə saxlanılırsa, hazırda 40 pilot növbə gözləyir.
“Bir saat ərzində 33 təyyarəni endirdik. Halbuki bizim limitimiz saatda 28 təyyarə olmalıdır”, - deyə o bildirib.
Anastopoulou əlavə edib ki, təhlükəsizliyi qorumaq üçün dəfələrlə pilotlara sürəti azaltmaq və ya marşrutu dəyişmək göstərişi vermək məcburiyyətində qalıb.
“Burada hər kəsi təhlükəsiz saxlamaq üçün fövqəladə səy göstəririk”, - deyə nəzarətçi vurğulayıb.
“Eurocontrol”un məlumatına görə, Yaxın Şərqdəki müharibə ilə əlaqədar Yunanıstanın hava məkanından hər gün təxminən 300 əlavə uçuş həyata keçirilir. Bu, gündəlik hava hərəkətinin təxminən 6 faizini təşkil edir.
Areti Anastopoulou Yunanıstan üçün turizmin böyük iqtisadi əhəmiyyət daşıdığını qeyd edərək deyib ki, turizm Yunanıstanın əlavə dəyəridir. Lakin əlavə investisiyalar olmadan uçuşların sayını daha da artırmaq mümkün deyil.
Günay
Şərhlər