Xəbər lenti

Yekun sülh öncəsi İrəvanın mövqeyi və Bakının tələbi (ŞƏRH)
Siyasət 19:53 12.02.2026

Yekun sülh öncəsi İrəvanın mövqeyi və Bakının tələbi (ŞƏRH)

"Ermənistan referendum keçirərək Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə bağlı konstitusiya müddəalarından imtina etməyincə, İrəvanla yekun sülh müqaviləsinin bağlanmasının tərəfdarı deyiləm".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq  xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana səfərindən sonra gündəmə gətirilən yekun sülh sənədinin Ermənistanda konstitusiya dəyişikliyini nəzərdə tutan referendumdan əvvəl imzalana biləcəyi ilə bağlı proqnozları şərh edərkən deyib.
 


Onun fikrincə, Azərbaycanın Ermənistan üzərinə qoyduğu şərt İrəvan üçün sülh tərəfdarı olub-olmadığını göstərən ciddi bir faktordur:

"Yoxsa ermənilərə qalsa, onlar hər şeyi olduğu kimi saxlamaqda davam edəcəklər. Mən şəxsən tərəfdaram ki, siyasi iradə nümayiş etdirərək İrəvanı sülhə məcbur edək. Ermənistan siyasi rəhbərliyi tez-tez ziddiyyətli bəyanatlar və siyasi addımlar atır. Onlar axşam bir şey, səhəri gün isə başqa bir şey söyləyirlər. Hiss olunur ki, onların bəyanatlarının qiyməti bəlkə kağız parçasından da ucuzdur".

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfərindən sonra İrəvanla Bakı arasında yekun sülh müqaviləsinin, qonşu ölkə konstitusiyasında dəyişikliklərlə bağlı referendum keçirilmədən əvvəl imzalana biləcəyi ilə bağlı müəyyən proqnozlar səslənməyə başlayıb. Bir çox analitiklər iddia  edir ki, yekun sülh müqaviləsi Ermənistanda gözlənilən referendumdan öncə bağlanacaq. Halbuki Bakı dəfələrlə  bəyan edib ki, yekun sülh müqaviləsi yalnız Ermənistan konstitusiyasında dəyişiklik edərək Azərbaycana olan  ərazi iddialarını əks etdirən müddəalardan imtina etdikdə bağlana bilər. 

Rüfət Sultan
--> -->