Xəbər lenti

Yeni
Dünya 13:52 30.03.2026

Yeni "cəlbedici" namizədlər Ukraynanı Aİ siyahısından çıxarıla bilər - "Politico"

Müharibədən sonrakı dünya nizamı zəiflədikcə və siyasətçilər ABŞ-ın etibarlılığını sual altına aldıqca, əvvəllər Avropa İttifaqı üzvlüyünü nəzərdən keçirib bundan imtina edən İslandiya və Norveç kimi daha rifahlı ölkələr Avropaya daha çox yaxınlaşır. 

Qaynarinfo-nun "Politico"ya istinadən məlumatına görə, yeni ölkələr artıq Aİ-yə ona görə qoşulmaq istəmir ki, bu onları daha varlı edəcək - onların fikrincə, indi üzvlük onları daha təhlükəsiz edəcək.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı bu dəyişikliklərin əsas amillərindən biri olub. Lakin rəsmi şəxslər və diplomatların fikrincə, ən böyük katalizator Donald Trampın 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra atdığı addımlar olub.

"İndi təkbaşına hərəkət etmək üçün ən uyğun zaman deyil. Tramp hər şeyi dəyişir", deyə  norveçli rəsmi bildirib.

Görünür, İslandiya danışıqlara ilk başlayan ölkə olacaq. Belə ki, Reykyavik Aİ-yə üzvlük üzrə danışıqların bərpasına dair referendumun keçirilmə müddətini sürətləndirib.

Yeni cəlbedici namizədlər

Aİ-nin mövcud üzvləri üçün daha varlı ölkələrin birliyə qəbul edilməsi, Şərqdən daha kasıb ölkələrin növbəti dalğasının qəbulundan daha cəlbedici sayılır. 2004-cü ildən sonra Aİ-yə qoşulan bütün 13 ölkə hələ də mərkəzi büdcəyə ödədiklərindən daha çox vəsait alır. Eyni vəziyyət rəsmi gözləmə siyahısında olan ölkələr - Ukrayna, Moldova, Albaniya, Serbiya və Monteneqro üçün də keçərli olacaq.

Məqalədə qeyd olunur ki, bu maliyyə amilləri mövcud üzvləri bu kasıb ölkələrin qəbuluna inandırmağı çətinləşdirəcək. Çünki belə halda hazırkı üzvlərin Aİ vəsaitlərindən aldıqları pay daha da azalacaq.

Bundan əlavə, Aİ ölkələrinin hökumətləri bu namizəd ölkələrin söz və mətbuat azadlığı, müstəqil məhkəmə sistemi və digər demokratik dəyərlərə uzunmüddətli sadiqliyindən də narahatdır.

"Biz Macarıstan və ya Slovakiya kimi vəziyyətin təkrarını istəmirik. Bu yeni ölkələrdə 10–15 ildən sonra nə baş verəcəyini bilmirik. O zaman yenidən bir Orbanla qarşılaşa bilərik", deyə diplomatların biri bildirib.

Eyni zamanda, İslandiya və Norveç kimi uzunmüddətli demokratik institutlara malik varlı ölkələr bu cür maneələrlə üzləşməyəcək. Hər iki ölkə adambaşına düşən nominal ÜDM-ə görə adətən dünyanın ən varlı on ölkəsi sırasına daxil olur. Halbuki Monteneqro ilk yüzlüyün sonlarında yer alır, Ukraynanın isə 2026-cı ilə qədər 132-ci pilləyə düşəcəyi proqnozlaşdırılır.

"Əlbəttə, İslandiya və ya Norveç üçün qoşulmaq daha asan olardı. Onlar artıq qanunvericiliklərini Aİ standartlarına uyğunlaşdırmaq baxımından məqsədin təxminən 80 faizinə çatıb. Əgər qoşulmaq istəsələr — bu yalnız onların qərarından asılıdır — proses çox sürətli gedə bilər", deyə Aİ nümayəndəsi bildirib.

Tramp hər şeyi dəyişdi

Tramp dəfələrlə Vaşinqtonun müttəfiqlərinə kömək etməyə hazır olub-olmamasını sual altına alıb. Bu isə əvvəllər təhlükəsizlik baxımından NATO üzvlüyünə güvənən ölkələri alternativ yollar axtarmağa vadar edib. NATO-nun 5-ci maddəsinə bənzər şəkildə, Aİ müqaviləsində də qarşılıqlı müdafiəni nəzərdə tutan 42.7-ci maddə mövcuddur.

Norveç 1992-ci ildə Aİ-yə üzvlük üçün müraciət etmiş, lakin iki il sonra keçirilən referendumda bu ideyadan imtina etmişdi. Hazırda norveçlilərin əksəriyyəti hələ də Aİ üzvlüyünü dəstəkləmir, lakin son 18 ayda tərəfdarların sayı artır. Trampın Norveçin ona Nobel Sülh Mükafatını verməməsinə görə göstərdiyi narazılıq da ictimai rəyə təsir edib.

İslandiya isə 2009-cu ildə maliyyə böhranı fonunda Aİ-yə üzvlük üçün müraciət etmişdi. Lakin balıqçılıq siyasəti ilə bağlı mübahisələr və iqtisadi şəraitin dəyişməsi səbəbindən 2013-cü ildə danışıqları dayandırdı və 2015-ci ildə müraciətini geri götürdü.

Qarşılıqlı müdafiə

Bununla belə, İslandiya və Norveç Aİ-yə qoşulmaqdan imtina edə də bilər, xüsusilə də Tramp administrasiyası daha sərt ritorikasını yumşaltsa. Monteneqro və Ukrayna isə Oslo və ya Reykyavik qərar verməmişdən əvvəl danışıqları başa çatdıra bilər. Digər tərəfdən, 2013-cü ildə Xorvatiyanın üzvlüyündən sonra genişlənməni bloklayan ölkələr veto siyasətini davam etdirə bilər.

Lakin "Politico” qeyd edir ki, Trampın Amerikası, Vladimir Putinin Rusiyası və Si Szinpinin Çini arasında qalan Aİ üzvləri təhlükəsizliyin sayda olduğuna qərar verə bilər.

Ukrayna və Aİ

Daha əvvəl Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirmişdi ki, Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına qoşulması mümkün deyil. İtaliyanın xarici işlər naziri Antonio Tayani isə deyib ki, ölkəsi Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir, lakin növbədə ilk olaraq Balkan ölkələri dayanır. Hansı konkret ölkələrin nəzərdə tutulduğu isə dəqiqləşdirilməyib.

Aydın

--> -->