Xəbər lenti

Yeni dünya nizamı: Qüvvələr nisbəti necə formalaşacaq, kim hansı mövqedə yer alacaq?
Dünya 19:09 23.06.2025

Yeni dünya nizamı: Qüvvələr nisbəti necə formalaşacaq, kim hansı mövqedə yer alacaq?

"Ukrayna-Rusiya müharibəsinin bitməsilə dünyada güc balansının hansı tərəfdə olması müəyyənləşəcək ki, bununla da tamamilə fərqli status-kvo mövcud olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri artıq haqqında geniş söhbət edilən yeni dünya nizamında qüvvələr nisbətinin necə formalaşacağı, kimin hansı mövqedə yer alacağı barədə danışarkən deyib.
 
Ekspertə görə, hələlik xaosdur:

"Qurulacaq nizam da yeni bir xaos olacaq, növbəti nizamsızlığa, partlayışa, münasibətlər sisteminin növbəti dəfə dağılmasına gətirib çıxaracaq. Kökündə ədalət olmayan münasibətlər sistemində isə nizam ola bilməz".
 


Politoloq qeyd edir ki, yeni dünya nizamında ABŞ zəif mövqedə yer alacaq: 

"Artıq bir qütblü dünya mövcud deyil və bundan sonra da olmayacaq. ABŞ getdikcə zəifləməkdə və etimadı itirməkdədir. Yeni güc mərkəzləri yarandığından yeni düzəndə də daha çox bu güc mərkəzləri özlərinin təsir dairələri uğrunda mübarizə aparacaqlar. Əvvəlki tək bir və ya iki dünya gücü arasında bölüşdürmə siyasəti mövcud deyil. Üstəlik beynəlxalq münasibətlər sistemi tamamilə dağılıb, beynəlxalq hüquq ayaq altındadır. Heç bir dövlət onu nəzərə almır. Ona görə də BMT tamamilə iflic olub".

Həmsöhbətimiz nizam məsələsinə də mübahisəli məsələ kimi baxır: 

"Nizamdan söhbət gedirsə, burada hegemon olan əsas qayə ədalət olmalıdır. Yenə də hansısa güclər arasında bölüşdürülmədən söhbət gedəcəksə, bu, nizam yox, nizamsızlıq olacaq. Nizam o zaman olacaq ki, bütün dünyada ədalət bərqərar olacaq. İndiki halda ABŞ-ın, Rusiyanın, Çinin siyasətində ədalət yoxdur. Hazırda qardaş Türkiyə güclənən, müasir texnologiyaya yiyələnən, özünümüdafiə üçün hərbi sənaye kompleksini milli yöndə inkişaf etdirən ölkədir. Həmçinin, hazırda Latın Amerikası, Cənub-Şərqi Asiyada inkişaf edən dövlətlər var. Braziliya, Hindistan da güclənir. Çin amili xüsusi əsas rol oynamağa başlayıb. Qafqazda da status-kvo tamamilə dəyişib".

Qeyd edək ki, artıq əksər dünya ölkələri yeni dünya nizamının yaradılması vacibliyindən danışır. Bu istiqamətdə müəyyən addımlar da atılmaqdadır. Bir sıra ölkələr mövcud status-kvo vəziyyətilə razılaşmayaraq öz patronajlığı altında yeni nizamın formalaşmasına çalışırlar. Hətta Rusiya kimi ölkələr buna nail olmaq üçün müharibəyə əl atmaqdan belə çəkinmir. Hazırkı vəziyyət belə düşünməyə əsas verir ki, mövcud dünya nizamı artıq problemlərin öhdəsindən gəlmək gücündə deyil. Ona görə də yeni dünya nizamının yaranması labüddür. Hansı ki, bu dünya nizamında da yeni-yeni güc mərkəzləri meydana çıxacaq. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->