Çilidə yerləşən Atakama səhrası Yer üzündəki ən quraq məkanlardan biri hesab olunur. Lakin yaxın günlərdə bu quraq landşaft gözoxşayan çiçəklərlə örtüləcək.
Qaynarinfo xəbər verir ki, bu nadir təbiət hadisəsi barədə "IFLScience" məlumat yayıb.
Çili Milli Meşə Korporasiyasının qorunan ərazilər üzrə şöbə rəhbəri Xorxe Karabants UPI"yə müsahibəsində bildirib ki, səhrada çiçəklənmə sentyabrın üçüncü həftəsində başlayacaq, oktyabrda öz zirvəsinə çatacaq və noyabrın ilk yarısında sona çatacaq. Onun sözlərinə görə, "çiçək xalçası” şimalda Totoral bölgəsindən cənubda Kaleta Çanyaral-de-Aseytunoya qədər uzanacaq.
Mütəxəssislərin izahına görə, Atakama səhrasının çiçəklənməsi nadir hallarda müşahidə olunur və bu, ən quraq qeyri-qütb səhrasında böyük və parlaq rəngli çiçəklərin meydana gəlməsi ilə xarakterizə olunur. Hadisə uyğun temperatur, günəş işığı və bol yağıntının təsadüfi birləşməsi nəticəsində baş verir.
Adətən bu yağışlar El-Ninyo–Cənubi salınımı ilə əlaqələndirilir. Bu iqlim modeli çox zaman ekstremal hava şəraitini özü ilə gətirir.
Çilidəki Papalı Katolik Universitetinin Kənd və Meşə Təsərrüfatı fakültəsinin professoru Ana Mariya Muxika bildirib:
"Çiçəklənmə El-Ninyo dövrləri ilə üst-üstə düşür. Bu zaman temperatur daha yüksək olur, bu da daha çox buxarlanma və nəticədə daha çox yağıntı deməkdir. Lakin soyuq olan La-Ninya ilə belə bir effekt müşahidə edilmir. Son 40 ildə təxminən on beş belə hadisə qeydə alınıb".
Xatırladaq ki, Atakama səhrasında sonuncu dəfə çiçəklənmə 2022-ci ildə baş vermişdi ki, bu da qeyri-adi idi, çünki hadisə La Nina dövründə qeydə alınıb.
NASA alimlərinin məlumatına görə, 2024-cü ildə Səhrada da qeyri-adi yağıntılar müşahidə olunub. Atlas dağlarının cənubundakı bölgələrdə güclü yağışlar nəticəsində uzun illər quraq qalmış ərazilərdə göllər yaranıb. Mütəxəssislər bunun çox nadir iqlim hadisəsi olduğunu vurğulayırlar.
Aydın
Şərhlər