Xəbər lenti

Məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istəyən Qubadlı sakini açıqlama verdi (VİDEO)
Video 22:02 25.08.2025

Məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istəyən Qubadlı sakini açıqlama verdi (VİDEO)

Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istədiyi iddia olunur.

Yayılan səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkün, hazırda Sumqayıt şəhərində başqasının evində məskunlaşan Mehriban Hüseynovaya məxsus olduğu bildirilir. İddialara görə, o, 32 il bundan öncə sığınacaq üçün öz 4 otaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edir. Hətta evdən çıxmaq üçün özü və baldızı üçün ümumilikdə 20 min manat pul tələb edir. 

Maraqlıdır ki, Mehriban Hüseynova səs yazısının ona aid olduğunu inkar etmir.

"Xəzər Xəbər" olaraq məsələni araşdırarkən də bunu təsdiqləyib.
Mənzilin əsl sahibi Səlminaz Verdiyeva isə deyir ki, öz evi ola-ola yataqxanada yaşayır. Ev sahibi bildirir ki, Mehriban Hüseynova və baldızından evini boşaltmalarını tələb edib. Qərar da verilib ki, həmin keçmiş məcburi köçkünlər evi boşaltsınlar, ancaq onlar nəinki buna əməl etmirlər, əksinə, buna görə ondan pul tələb olunur.

Məsələ ilə bağlı sözügedən evin yerləşdiyi Sumqayıt şəhər 12-ci mikrorayon bina 8a,  mənzil 46 ünvanına baş çəkdik. Bizi orada Mehriban Hüseynova qarşıladı. Suallara isə həm özü, həm də baldızı cavab verdi.
  
Baş verənlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən də mövqe öyrəndik. Bildirildi ki, yayılan səs yazısından onlar da məlumatlıdırlar.

Qubadlı rayon İcra Hakimiyyətindən isə bildirildi ki, baş verənlərlə bağlı sözügedən ailə ilə görüş keçirilib. Lakin onların müvəqqəti başqa mənzildə məskunlaşması üçün icra hakimiyyətinin balansında hələ ki, hər hansı bir mənzil yoxdur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 

 

 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->