Xəbər lenti

Yeni kəşf edilmiş səma cismi kosmik sirri aça bilər
Dünya 22:00 11.01.2026

Yeni kəşf edilmiş səma cismi kosmik sirri aça bilər

Astronomlar kosmosda daha əvvəl məlum olmayan Cloud-9 adlı astronomik obyekt aşkar etmiş ola bilərlər.

 

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu obyekt Kainatın ən böyük sirlərindən biri sayılan qaranlıq maddə haqqında yeni biliklər verə bilər.


Alimlər indiyədək qaranlıq maddəni birbaşa müşahidə etməyiblər. Kainatın strukturunu formalaşdıran bu sirli maddənin Ümumi maddənin təxminən 85 faizini təşkil etdiyi güman olunur və onu yalnız qravitasiya təsiri vasitəsilə aşkar etmək mümkündür.


"The Astrophysical Journal Letters” nəşrində dərc olunan yeni tədqiqata əsasən, Cloud-9 qaranlıq maddə buludu hesab olunur və Kainatın ilk dövrlərində qalaktikaların formalaşmasından qalan bir obyekt ola bilər.


"Hubbl” kosmik teleskopu vasitəsilə aparılan son müşahidələr Cloud-9-un ulduzlara malik olmadığını göstərib. Bu səbəbdən, adi qalaktikalardan fərqli olaraq, Cloud-9 qaranlıqdır. O, zəif cırtdan qalaktika və ya təxminən bir neçə milyard ulduzdan ibarət kiçik qalaktika ilə qarışdırıla bilər. Belə qalaktikalar yüz milyardlarla ulduzdan ibarət olan Süd Yolu ilə müqayisədə xeyli kiçikdir.


Tədqiqatçıların sözlərinə görə, Cloud-9 gələcəkdə qalaktikaya çevrilə bilər. Əgər obyekt kifayət qədər kütlə toplasa, buluddakı qaz dağılaraq fraqmentləşəcək və bu proses ulduzların yaranmasına səbəb olacaq. Nəticədə Cloud-9 gec çiçəklənən qalaktikaya çevrilə bilər.


"Bu bulud qaranlıq Kainata açılan pəncərədir. Teorik olaraq bilirik ki, Kainatdakı kütlənin böyük hissəsi qaranlıq maddədən ibarət olmalıdır, lakin bu maddə işıq yaymadığı üçün onu aşkar etmək çətindir. Cloud-9 bizə qaranlıq maddənin üstünlük təşkil etdiyi bir buludu müşahidə etmək üçün nadir imkan yaradır”,  deyə tədqiqatın həmmüəllifi, Baltimordakı Kosmik Teleskop Elmi İnstitutunun astronomu Endryu Foks bildirib.


Mövcud nəzəriyyələrdən birinə görə, qaranlıq maddə 13,8 milyard il əvvəl Kainatın yaranmasına səbəb olan Böyük Partlayış nəticəsində formalaşıb və heç vaxt ulduzların yaranması üçün kifayət qədər qaz toplamadığı kosmik buludlar yaradıb.


Cloud-9 ilk dəfə üç il əvvəl Çinin Quychjou əyalətində yerləşən beş yüz metrlik sferik radioteleskop – "FAST” vasitəsilə Messier 94 qalaktikasının yaxınlığında hidrogen qazının tədqiqi zamanı aşkarlanıb.


Obyekt bu adı ona görə alıb ki, Messier 94 spiral qalaktikasının ətrafında tapılan doqquzuncu qaz bulududur. Qazdakı cüzi deformasiyalar buludla qalaktika arasında mümkün qarşılıqlı təsirdən xəbər verir.


Gələcək müşahidələr və Cloud-9-a bənzər digər obyektlərin aşkar edilməsi qaranlıq maddənin təbiətinin, qalaktikaların formalaşması və təkamülünün, eləcə də Kainatın ilkin dövrlərinin daha dərindən anlaşılmasına gətirib çıxara bilər.


Aydın

--> -->