Xəbər lenti

Yerli sakinləri xilas etmək üçün Himalayda süni buz
Dünya 23:37 21.06.2026

Yerli sakinləri xilas etmək üçün Himalayda süni buz "piramidaları" qurulur

Himalay dağlarında yaşayan icmalar kənd təsərrüfatı üçün su çatışmazlığı problemi ilə üzləşiblər.
 
Qaynarinfo xəbər verir ki, bu sərt şəraitdə bir çox insan üçün əkinçilik yeganə dolanışıq mənbəyidir.

"Ladaxda (Hindistanın şimalında, Qərbi Himalayda yerləşən yüksək dağlıq region və ittifaq ərazisi) yalnız bir, özü də çox çətin kənd təsərrüfatı mövsümü var. Bura ekstremal iqlimə malik səhradır”, deyə 65 ilinin böyük hissəsini buğda, noxud və kartof yetişdirməyə sərf etmiş Gelak Qutme BBC-yə bildirib.

Onun sözlərinə görə, yaşadığı müddət ərzində şərait daha da pisləşib. Qlobal istiləşmə nəticəsində yerli sakinlərin əkin sahələrinin suvarılmasında istifadə etdiyi alçaq dağlıq ərazilərdəki kiçik buzlaqlar ərəyib yox olub.

"Bir çox nəsillər boyunca vadilərin üzərində yerləşən kiçik buzlaqlar donmuş su qüllələri kimi fəaliyyət göstərirdi. Onlar qış boyu suyu saxlayır və yazda kənd təsərrüfatı işləri başlayanda onu tədricən buraxırdı. İndi isə aşağı yüksəkliklərdə yerləşən həmin buzlaqlar tamamilə yox olub, quru qayalı səhraya çevrilib. Dağ zirvələrində ərimək üçün heç nə qalmayıb”, deyə Ladaxın yerli su ehtiyatlarının idarə olunması komitəsinin üzvü Lobzanq Fardod izah edib.

Buz stupaları

Həyati əhəmiyyət daşıyan bu resursu təmin etmək üçün Ladaxın bəzi kəndləri 2010-cu illərin əvvəlində öz buz su anbarlarını yaratmağa başlayıblar. Sistem qış aylarında suyun dağların daha yüksək hissələrindən borular vasitəsilə aşağıya ötürülməsi və havaya püskürdülməsi prinsipinə əsaslanırdı. Soyuq havada su donaraq zamanla "buz stupaları” adlandırılan nəhəng buz qüllələrinə çevrilirdi. Yaz aylarında isə onlar əhalini ərimiş su ilə təmin edirdi.

Fardodun sözlərinə görə, bu sistem sərt qış şəraitində əsl "kabus” idi. Temperaturun sürətlə -20°C-yə, bəzən isə -30°C-yə qədər enməsi boruların içindəki suyun donmasına səbəb olurdu. Nəticədə borular çatlayır və bütün sistem sıradan çıxırdı.

Bunun qarşısını almaq üçün qış mövsümündə dörd-beş fermerdən ibarət qruplar dağlarda, su mənbəyinin yaxınlığında düşərgə salır və qaynar suyun köməyi ilə mümkün problemləri aradan qaldırmağa çalışırdılar.

Avtomatlaşdırılmış buz anbarı

Son illərdə bu üsul texniki baxımdan təkmilləşdirilib. "Acres of Ice” şirkəti ilə əməkdaşlıq çərçivəsində buz istehsalını dəqiq tənzimləyən yeni sistem hazırlanıb. "Avtomatlaşdırılmış buz anbarı” (AIR) adlanan bu texnologiya da suyun dağların yüksək hissələrindən borular vasitəsilə ötürülməsini nəzərdə tutur.

"Su təzyiq altında vadinin dibinə çatdırılır və şaquli çıxışdan nəhəng fəvvarə kimi püskürür”, deyə "Acres of Ice” şirkətinin təsisçisi Suryanarayanan Balasubramanian bildirib.

Bu axın hava şəraitindən qorunan idarəetmə blokuna qoşulmuş kompüter tərəfindən idarə olunur. Sistem günəş panelləri və akkumulyator vasitəsilə enerji alır. İdarəetmə bloku temperatur və digər ətraf mühit göstəricilərini izləyən meteoroloji stansiyaya bağlıdır.

Sensorlar havanın temperaturunun həddindən artıq sürətlə aşağı düşdüyünü və ya boruların içindəki suyun temperaturunun təhlükəli həddə yaxınlaşdığını müəyyən etdikdə, sistem dərhal tədbir görür. O, yuxarı hissədəki klapanı bağlayır, aşağı hissədəki klapanı isə açaraq borulardakı suyu tamamilə boşaldır.

Bu yanaşma boruların partlamasının qarşısını almaqla yanaşı, buzun əmələ gəlməsi prosesinin səmərəliliyini də artırır. AIR sistemi suyu fasiləsiz püskürtmək əvəzinə, mövcud buz qatını nazik duman şəklində örtür və sonra fəaliyyətini dayandırır.

Aydın
--> -->