Niderlandda avtomobil yollarının olmadığı və şəhər səs-küyünün demək olar ki, eşidilmədiyi unikal bir kənd yerləşir. Burada təxminən 2800 nəfər yaşayır, yerli sakinlər və turistlər isə kanallar boyunca qayıqlarla hərəkət edir və ya taxta körpülərlə gediş-gəliş edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Observator" nəşri yazıb.
Gitxorn kəndi Niderlandın şimal-şərqində, "Overeyssel" əyalətində yerləşir. Yaşayış məntəqəsi Amsterdamdan təxminən 120 kilometr məsafədə, Veerribben-Viden milli parkının ərazisində yerləşir.
Kəndin əsas xüsusiyyəti onun qeyri-adi planlaşdırılmasıdır. Tarixi hissədə adi avtomobil yolları yoxdur. Bunun əvəzinə evlər, bağlar, restoranlar və digər obyektlər bir-biri ilə kanallar şəbəkəsi vasitəsilə əlaqələndirilib. Piyada hərəkət etmək üçün isə evlərin yerləşdiyi kiçik adacıqları birləşdirən 170-dən çox taxta körpü mövcuddur.
Bu landşaft bir neçə əsr əvvəl torf hasilatı nəticəsində formalaşıb. Torfun qayıqlarla daşınması zamanı tədricən göllər və kanallar yaranıb. Hazırda kənddə təxminən 2800 nəfər yaşayır, lakin hər il buranı bir milyona yaxın turist ziyarət edir.
Kəndi görməyin ən yaxşı yolu sudan keçən marşrutlardır. Turistlər arasında ən populyar fəaliyyətlərdən biri kiçik qayıqların icarəsidir. Bu qayıqlar kanallar boyunca hərəkət edərək qədim fermer evləri, baxımlı bağlar və budaqları təmiz suda əks olunan söyüdlərin yanından keçir. Kənddə istifadə olunan qayıqların əksəriyyəti elektrik mühərrikli olduğundan ərazi sakit və ekoloji cəhətdən təmiz qalır.
Ziyarətçilərə həmçinin ekskursiya qayıqları ilə kanal turları da təklif olunur. Bu gəzintilər zamanı turistlər yalnız mənzərələrdən zövq almır, həm də ərazinin tarixi haqqında məlumat əldə edirlər. Aktiv istirahət həvəskarları isə kayak, kanoe və ya sapserfinq lövhələri icarəyə götürə bilirlər.
Quş müşahidəsi ilə maraqlananlar burada nadir növləri görə, təbiət həvəskarları isə kilometrlərlə uzanan sakit piyada və velosiped marşrutlarından yararlana bilərlər. Ətrafdakı təbii mənzərələr böyük şəhərlərin və turist izdihamının uzağında Niderlandın daha sakit tərəfini görmək istəyənləri cəlb edir.
Xarici turistlərin əksəriyyəti səyahətə Amsterdamdan başlayır. Oradan Gitxorna getmək kifayət qədər asandır. Əvvəlcə ən yaxın dəmir yolu stansiyasının yerləşdiyi "Stenveyk" şəhərinə qatarla getmək, daha sonra isə kəndə hərəkət edən avtobusa minmək lazımdır. Ümumilikdə yol təxminən iki saat yarım çəkir. Avtomobillə isə Amsterdamdan kəndə çatmaq təxminən bir saat yarım vaxt aparır.
Gitxornun tarixi mərkəzində avtomobillərin hərəkəti qəti şəkildə qadağandır. Buna görə də ziyarətçilər avtomobillərini kəndin kənarındakı dayanacaqlarda saxlamalı, daha sonra isə piyada və ya qayıqla hərəkət etməlidirlər.
Bundan əlavə, bir çox turizm şirkəti Amsterdamdan Gitxorna birgünlük turlar təşkil edir. Adətən bu turlara transfer xidməti və kanallar boyunca qayıq gəzintisi daxildir.
Aydın
Şərhlər