Azərbaycanda yumurta yenidən bahalaşıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda marketlər şəbəkəsində ağ yumurtanın bir ədədi 16 qəpik, sarı yumurta isə 19 qəpiyə təklif olunur:
"Digər ara dükan və bazarlarda satış qiyməti 20-22-qəpiyə kimi qalxıb. Bunun səbəbi aydındır. Region ölkələrdə qiymət qalxdıqca mütləq bu bizim daxili bazara da təsir edir. Çünki hər kəs bizdən ucuz yumurta aparmaq istəyir. Ancaq son 3 ayda Azərbaycandan xaricə yumurta ixracı tam dayanıb. Heç bir yerə yumurta satılmır ki, daxildə qiymət qalxmasın”.
Mürvət Həsənli bildirib ki, ölkəyə də heç bir yerdən yumurta idxal olunmayıb:
"2024-ci ildə ölkə əhalisinin illik tələbatı adambaşına 147 ədəd olub. Ən çox yumurta istehlak edən ölkə Meksikadır. Adambaşına 392 yumurta. Yaponiya isə 382 yumurta istehlak edir. 2025-ci ilin göstəriciləri onu deyir ki, ölkədə birdən-birdə yumurtaya olan tələbat artıb. Bu ilin göstəricilərini təxmini düşünürəm ki, adambaşına illik tələbat 170-ə yaxın olacaq. Ötən il respublikanın gündəlik tələbatı 3 milyon 600 ədəd idi. Bu il isə 4 milyon 600 minə kimi çıxa bilər. Düşünürəm ki, Azərbaycanın təxmini istehsalı kənd yumurtası ilə birlikdə gündəlik 5 milyon 700 - 5 milyon 500 min civarındadır. Bugünkü istehsalımız isə təxmini 5 milyona yaxınlaşır”.
Mürvət Həsənli qeyd edib ki, bu gün ölkədə yumurtanın qiymətinin qalxmasının səbəbi tələbatın artmasıdır:
"Bu gün yumurtaya tələbat daha çox artıb. Bunun iki səbəbi var. Birincisi, əhali dabaq xəstəliyinə görə, qırmızı əti almaqdan çəkindi, ikincisi isə yumurtanın ucuzluğudur. Region ölkələrə baxanda sənaye üsulu ilə istehsal olunan yumurta Azərbaycandadır”.
Bahar Rüstəmli
Şərhlər